Dolu teatr salonları
Novruz bayramı tətilinin insanlar üçün ən gözəl hədiyyəsi, məncə, martın 27-də Beynəlxalq Teatr Günü münasibətilə teatrlarda açıq qapı gününün keçirilməsi oldu.
Sosial şəbəkələrdə ölkənin müxtəlif yerlərindən, əsasən, paytaxtdan dolu teatr salonlarının şəkilləri paylaşıldı. İnsanlarımızın mədəniyyətə olan marağının ölmədiyini görmək, həqiqətən, sevindirici idi.
Bir sualı da özümə verməmiş dayana bilmərəm: Görəsən, pulmu insanların teatra getməsinin önündə əngəldir? Son mənzərə, fikrimcə, bu sualın məlum cavabını təsdiq edir.
Nazirin gözlüyü
Fərid Qayıbov gənclər və idman naziri təyin edildikdə məndə onun bu posta layiq olacağı fikri yaranmışdı. Çox keçmədi ki, bu fikrim təsdiqini tapdı. Həqiqətən də, Qayıbov bir nazir kimi özünə simpatiya yaratmağı bacarıb.
Ancaq bir məsələ ilə bağlı təəssüf hissi keçirirəm. Bu da Qayıbovun gözlüklərilə bağlı sosial şəbəkələrdə yazılanlar və insanların dilə gətirdiyi fikirlərdir. Bu fikirlərin təhqir dərəcəsinə vardığı hallar da mövcuddur. Sosial şəbəkələrdə at oynadan dayaz fikirli və ya təkhüceyrəli varlıq statusundakı şəxslərin çirkin rəyləri bu platformalara nəzarəti vacib qılır. Ancaq dövlət tərəfindən yox, həmin şirkətlər tərəfindən.
Maraqlıdır ki, siyasi məsələlərlə bağlı insanların fikirlərini azad şəkildə ifadə etmə özgürlüyünü əlindən alan bu platformalar, nədənsə, qeyd etdiyim hallarla bağlı hansısa addım atmır.
Fikrimcə, sosial şəbəkələrdə təhqirə yol verən şəxslərin bu platformalara girişi birbaşa yasaqlanmalıdır.
Müharibə və koronavirus
Koronavirus pandemiyasının ilk vaxtlarını xatırlayıram. Media şişirtdikcə şişirdir, Uhandan insanların küçədə ölməsi görüntüləri tirajlanır, insanların gözləri qorxudulurdu. Bu gün isə koronavirusu vecinə alan yoxdur. Operativ Qərargah günlük koronavirus statistikasını açıqlamasa, iddia edirəm ki, belə bir şeyin olduğu uzaqbaşı 10 gün ərzində yadımızdan çıxacaq.
Eynilə Rusiyanın Ukraynaya hərbi təcavüzü. Müharibənin ilk ongünlüyündəki qorxu, reaksiya və bu kimi şeylər qalmayıb. Azərbaycanda Fərrux məsələsi gündəmə gəldikdən sonra isə vətəndaşların müzakirə obyekti Ukraynadan Qarabağa keçdi.
Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, heç bir şeydən xəbərimiz olmasa, daha rahat yaşayarıq. Bəlkə, elə deyil?