Prezident İlham Əliyev ölkədə rüşvət və korrupsiyaya qarşı vüsət alan mübarizənin ardıcıllıqla aparılacağını qətiyyətlə bəyan edib.
Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində ölkəmiz üçün aktual olan bütün məsələlərə dəqiq və aydın münasibətini bildirib.
Dövlət başçısı qeyd olunan müsahibəsində Azərbaycanın daxili və xarici siyasətinin əsas aspektlərini dəyərləndirərək, ölkədə davamlı şəkildə həyata keçirilən köklü islahatların, struktur və kadr dəyişikliklərinin, o cümlədən, qanunun aliliyinin təmin olunması istiqamətində atılan addımların məqsədi və nəzərdə tutulan nəticələr barəsində geniş danışıb.
Prezidentin müsahibəsində qırmızı xətlə cızılan əsas fikirlər sırasında ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizənin ardıcıllıqla davam etdiriləcəyi, bu çərçivədə yürüdülən siyasətin güzəşt tanımayacağı və neqativ halların aradan qaldırılması üçün bütün tədbirlərin görüləcəyi haqda deyilənlər xüsusi yer tutur.
Ötən həftə vəzifəsindən sui-istifadə edərək, fəaliyyətində korrupsiyaya yol verən vəzifəli şəxslərin həbs olunduğun toxunan dövlət başçısı o tip məmurlara qarşı mübarizənin daha sərt şəkildə aparılacağını bəyan edib:
“Mən xəbərdarlıq etmişdim. Bəzilərinə dedim ki, hər kəs eşitsin, əyri yolla getsəniz inzibati cəza ən yüngül cəza olacaq. İnzibati cəza ilə iş məhdudlaşmayacaq. Amma bəziləri bəlkə hesab edirdilər ki, onlara aid deyil. Ona görə belə yolverilməz addımlar atdılar. Bu, əslində, dövlətə, dövlət siyasətinə edilən xəyanətdir”.
İlham Əliyev jurnalistin sualına cavabında həyata keçirilmiş antikorrupsiya həbslərini ölkədə davam etdirilən islahatların tərkib hissəsi olduğunu təsdiqləyb:
“Hamı bilsin, eşitsin ki, belə hallara qarşı mübarizə daha ciddi aparılacaq. Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun”.
Prezidentin tam açıq mətnlə ifadə etdiyi fikirlər Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədovun həbsi ilə Azərbaycanda rüşvət və korrupsiyaya qarşı mübarizədə yeni dalğanın başladığının göstəricisidir. Eyni zamanda, bu tədbirlərin növbəti həbslərin özünəməxsus anonsu olduğunu söyləməyə tam əsas verir.
Bu isə o deməkdir ki, cəmiyyətdə böyük rəğbətlə qarşılanan bu tədbirlər davam etdiriləcək və qarşıdakı müddətdə rüşvətxor-korrupsioner məmurların həbsxanaya göndərilməsinin, onların qanunun ən sərt üzü ilə cəzalandırılacağının şahidi olacağıq.
Xatırladaq ki, bu ilin əvvəllərindən etibarən, ölkənin vergi, gömrük və məhkəmə-hüquq sistemində başlayan köklü islahatlar sürətlə digər sahələrdə də həyata keçirilməkdədir. Bu islahatlar dalğasında ölkənin ali icra hakimiyyəti orqanlarında zəruri struktur və kadr dəyişiklikləri aparılıb, dövlət idarəetmə sistemində daha çevik və işlək mexanizm qurulub. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bu proses uğurla davam etdirilir.
“Yeni Çağ” Analitik Qrupu