Birləşmiş Ştatlarla İran arasında hərbi gərginlik artır. Hər iki ölkə söz müharibəsi də aparır.
Yenicag.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə müxbirlərə bildirib ki, Vaşinqton İrandan “ən pisinə” hazırdır.
“Onlar həqiqətən də dünyada bir nömrəli terror ölkəsidir,” deyə Tramp bazar ertəsi Oval Ofisdə Pakistanın baş naziri İmran Xanla görüşdən sonra deyib.
Tramp əlavə edib ki, İranın addımları və hörmətsizliyi onun Tehranla danışıq aparmasını çətinləşdirir.
“Onlar bunu etməməli idi. Bu, istənilən istiqamətdə gedə bilər,” o deyib.
ABŞ prezidentinin bu sözləri İran 17 ABŞ casusunu ələ keçirib, onların bəzilərini ölümə məhkum etdiyini bildirərək, Qərblə gərginliyi daha da artırmasından bir neçə saat sonraya təsadüf edib.
İranın Kəşfiyyat Nazirliyinin açıqlamasında casusların son bir il ərzində ələ keçirildiyi və onların ordu və nüvə təsisləri kimi gizli yerlərdən ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) üçün məlumat topladığı iddia olunub.
İranın əks-kəşfiyyat rəsmisi daha sonra bildirib ki, Birləşmiş Ştatlardan yüksək səviyyəli təlim keçmələrinə baxmayaraq, casuslardan heç biri İran təsislərini sabotaj edə bilmyib. Televiziyada həmçinin casuslarla əlaqəsi olduğu iddia olunan CIA zabirtlərinin fotoları yayımlanıb.
Tramp və ABŞ-ın dövlət katibi Mayk Pompeo İranın iddialarını rədd edib.
“İranın CIA casuslarını həbs etdiyinə dair xəbərlər tamamilə yanlışdır. Sıfır həqiqət. Bu, İflasa uğrayan və nə edəcəyini bilməyən dini rejimin növbəti yalanları və təxribatıdır,” Tramp tvit atıb.
Bu ilk dəfə deyil ki, İranın kəşfiyyat rəsmiləri amerikalı casusların ələ keçirilməsinə dair iddialar irəli sürür.
Aprel ayında İranın Mehr xəbər agentliyi Kəşfiyyat Nazirliyinə istinad edərək, Tehranın ABŞ-ın bir neçə ölkədə yüzlərlə üzvü olan casus şəbəkəsini aşkar etdiyini bildirib.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi Amerikanın Səsinə deyib ki, İran iyunda da bənzər iddialar irəli sürüb.
ABŞ-la İran arasında ən son söz qarşıdurması Tehran əsas yükdaşıma marşrutu olan Hörmüz boğazında daha aqressiv olduğu vaxta təsadüf edir./Milli.az/