Xəbər verdiyimiz kimi, Donald Tramp dünən rəsmi olaraq ABŞ-nin 47-ci prezidenti seçildi. 2016-2021-ci illərdə ABŞ-yə rəhbərlik edən Tramp həmin dövrdə dünya siyasətində öz adından söz etdirə bilmişdi. Maraqlıdır, bundan sonrakı 4 ildə bəs Tramp nələrlə yadda qalacaq?
Yenicag.az Donald Trampın bioqrafiyasını oxuculara təqdim edir:
Donald Tramp 14 iyun 1946-cı ildə ABŞ-ın Nyu-York şəhərində doğulub. O, dövrün məşhur daşınmaz əmlak maqnatı Fred Trampın dördüncü övladı olaraq dünyaya gəlib. Məktəbdə yaşadığı problemlərə görə 13 yaşında hərbi akademiyaya göndərilib. Tramp Pensilvaniya Universitetinin Uorton məktəbində biznesin idarə edilməsi üzrə təhsil alıb. Ailə biznesində atasını əvəz etməyə namizəd olan Tramp 1971-ci ildən etibarən şirkətini Manhettendəki böyük layihələrlə irəlilədib və məşhur “Trump Tower”i inşa edib.
Donald Tramp biznes sahəsində olduğu kimi, əyləncə sənayesində də məşhur olub. 1996-2015-ci illər arasında “Miss Universe”, “Miss USA” və “Miss Teen USA” gözəllik müsabiqələrini təşkil edib. 2003-cü ildən isə NBC-də yayımlanan “The Apprentice” adlı realiti şouda iştirak edib, bu şou Trampın məşhurluğunu artırıb.
“Forbes” jurnalının “Dünyanın 400 ən zəngin insanı” siyahısında uzun illər yer alan Trampın sərvəti 3 milyard dollar olaraq qiymətləndirilib, lakin o, öz sərvətinin 10 milyard dollar olduğunu iddia edib. 2023-cü ildə isə “Forbes” onun sərvətini 2,6 milyard dollar olaraq açıqlayıb.
Trampın üç evliliyindən beş övladı var. İlk evliliyi çexiyalı model İvana Zelniçkova ilə olub və bu evlilikdən Donald Jr., İvanka və Erik adlı üç övladı dünyaya gəlib. İkinci evliliyi televiziya xadimi Marla Meypls ilə olub və ondan Tiffani adlı bir qızı var. Üçüncü evliliyi isə sloven əsilli model Melaniya Knaussla olub və cütlüyün Barron adlı bir oğlu var. Tramp 1980-ci illərdən prezidentliyə namizəd olmağı düşünürdü, lakin 2000-ci ildə ilk dəfə prezidentliyə namizədliyini elan edib. O, 2016-cı ildə keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olaraq Hillari Klintona qalib gəldi və ABŞ-nin 45-ci prezidenti oldu. Trampın prezidentliyi dövründə sərt immiqrasiya siyasətləri, koronavirus pandemiyasına yanaşması, beynəlxalq müqavilələrdən çıxmağı və İsrailin paytaxtını Qüdsə köçürməsi kimi vacib qərarlar qəbul olunub.
2020-ci ildə Tramp ikinci dəfə prezident olmaq üçün Demokratlar Partiyasının namizədi Co Baydenlə yarışa girdi. O, seçkilərdə 7 milyon səs fərqi ilə uduzdu, lakin nəticələrə etiraz etdi. 2021-ci ilin yanvarında Tramp tərəfdarları ABŞ Konqresinə hücum edərək seçki nəticələrini ləğv etməyə çalışdılar. Bu hadisə ABŞ tarixində əhəmiyyətli bir an olaraq yadda qaldı. Tramp seçki nəticələrini qəbul etmədiyini bildirib, amma Baydenin qalib olduğunu etiraf etdi.
2022-ci ilin noyabrında Tramp yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini açıqladı və 2023-cü ildə Respublikaçılar Partiyasının vahid namizədi oldu. 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində qalib gələrək ikinci dəfə prezident olaraq vəzifəyə qayıtdı.
Məsimə Məmmədova