Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dörd ölkənin hədəfində olan bölgə: İdlib uğrunda savaş başlayır

Türkiyə ABŞ-ın dəstəklədiyi “Suriya demokratik qüvvələri” adı ilə pərdələnən terrorçu PKK/YPG/PYD-nin həyata keçirdiyi Rakka əməliyyatından sonra atacağı addımları müəyyənləşdirir.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə hökuməti ölkə üçün yarana biləcək təhdidlərin aradan qaldırılmasında yeni dövrü əhatə edən “Yol xəritəsi” hazırlayıb.

Məlumata görə, bu çərçivədə ölkə daxilində və xaricində terror birləşmələrinə qarşı eyni zamanda həyata keçiriləcək hava, o cümlədən quru əməliyyatlarına hazırlıq görülür. Ölkə ərazisinə sızmaların qarşısını almaq məqsədi ilə Suriyanın şimalındakı Afrin, Menbiç, Tel Abyad və İdlib bölgələri üzrə nəzarət-müşahidə tədbirləri gücləndirilib.
Qeyd olunur ki, Suriyada vəziyyətin nisbətən stabilləşməsindən sonra Bəşər Əsədin hərbi qüvvələri Rakkanın cənubundan şərqinə doğru irəliləyərək, neft və təbii qaz ehtiyatları ilə zəngin olan Deyr Ər-Zor bölgəsini İŞİD-dən azad ediblər.

Rusiyanın hərtərəfli dəstək verdiyi Əsəd rejimi bununla İdlib bölgəsi nəzərə alınmasa, möhkəmləndiyi əraziləri tədricən genişləndirməkdədir. Başqa sözlə ifadə olunsa, Suriya xəritəsində Əsədin nəzarətinə keçən ərazilərin daha da genişləndiyi müşahidə edilir.

İdlib bölgəsi Suriyadakı “Normallaşdırma prosesi”ndə sona saxlanılan region kimi görünür. 3 milyon əhalinin yaşadığı İdlib şimal-qərbdən Türkiyənin, şimaldan YPG/PYD-nin, digər istiqamətlərdə isə Əsəd qüvvələrinin mühasirəsindədir.

Ancaq bu mühasirə Suriyadakı vətəndaş müharibəsinin yaratdığı iqtisadi, siyasi, hərbi və sosial qruplar tərəfindən müntəzəm “yarılır”. Yəni bölgədə mülki əhali, silahlılar, pul və silah dövriyyəsi daim hərəkətdədir.

Suriya böhranının əsas aktyorları olan böyük dövlətlərin – ABŞ, Türkiyə, Rusiya və İranın İdliblə bağlı strategiyaları bir-birindən kəskin fərqlənir. Məsələn, ABŞ-ın İdlibə yönəlik siyasətini dərk etmək üçün rəsmi planda önə çıxarılan “Əl-Qaidə” ilə əlaqəli qruplar” təqdimatına diqqət yetirmək lazımdır.

Rəsmi açıqlamalardan belə anlaşılır ki, ABŞ-ın bu regiondakı əsas “düşmən”i “Əl-Qaidə”dir. Strateji düşmənlərinin yerləşdiyi İdlib ABŞ-ın əsas hərbi hədəfidir. “Düşmən “Əl-Qaidə”dirsə, qarşımda heç kim dayana bilməz” yanaşması da ABŞ siyasətinin əsasını təşkil edir. Bundan başqa, “İŞİD gedər, “Əl-Qaidə” qalar” prinsipi də Qərbin Suriya siyasətinin əsasına çevrilməkdədir. Şübhəsiz, “Əl-Qaidə”nin “tanınma nişanı” istifadə olunacaq vasitələrə legitimlik donu geydirmək üçün yararlıdır.

Bu arada Türkiyənin Suriyadakı perspektiv fəaliyyətinin istiqamətləri də müəyyənləşməkdədir. Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirməyi planlaşdırdığı quru əməliyyatı hazırlıqları çərçivəsində sərhəddəki hərbi kontingentini gücləndirməkdədir. Bu plana əsasən, Türkiyə ordusunun zirehli qoşun birləşmələri terror qruplaşmalarının sığınacaqlarını darmadağın edəcək. Hava əməliyyatlarından sonra isə Türkiyə xüsusi təyinatlıları ilə Azad Suriya Ordusunun qüvvələri istənilən an lazım olan bölgədə hərəkətə keçəcəklər.

Eyni zamanda, Türkiyə, Rusiya və İran rəhbərliyi Suriya böhranının nizamlanması istiqamətində məsləhətləşmələri davam etdirirlər. Adları çəkilən ölkələrin xarici işlər nazirləri böhrandan çıxış yollarını axtarmaq üçün bu gün və sabah Tehranda ciddi müzakirələr aparacaqlar.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun aşağıdakı fikirləri isə İdlibin strateji əhəmiyyətini bir daha təsdiqləyir:
“Bu an İdlibdə təhlükəsizlik zonasının yaradılması istiqamətində səylər davam etdirilir”.

Yenicag.Az

www.yenicag.az

706
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100