Dördayaqlı dostlarımız sayəsində xilas olan canlar: Minaaxtaran itlərin əhəmiyyəti

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin məlumatına görə, bu gün işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina partlayıb. Partlayış nəticəsində əməliyyata cəlb olunan “Dina” ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.

Yenicag.az xəbər verir ki, işğaldan azad olunmuş ərazilərimizin minadan təmizlənməsində minaaxtaran itlərin rolu böyükdür. Təsadüfi deyil ki, Türkiyə və ABŞ-dən ölkəmizə minaaxtaran itlərin hədiyyə olunması səbəbsiz deyil.

Azərbaycan ABŞ-nin Marşal İrsi İnstitutundan işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün yardım alır. Ötən il Azərbaycanın Minalardan Təmizləmə Agentliyi ilə Marşal İrsi İnsitutu arasında imzalana müqavilə və anlaşma memorandomuna əsasən, 2023-cü ilə kimi Azərbaycana 30 minaaxtaran it göndəriləcək. Artıq bu itlərdən 10-u Azərbaycana çatıb. Bu itlərin iştirakı ilə ərazilərin minalardan təmizlənməsi 30 dəfə daha sürətlidir.

Bununla yanaşı, ötən il Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it hədiyyə edib.

Minaaxtaran itlərin əhəmiyyətini nəzərə alsaq, artıq 4-5 ildir ki, ANAMA bu cür itləri özü hazırlamağa başlayıb. ANAMA və digər qurumların istifadəsi üçün nəzərdə tutulan itlər müxtəlif növ partlayıcı maddələri aşkarlaya və minatəmizləmə qruplarına kömək edə bilir. Yerli bazada öyrədilmiş itlər hazırda minatəmizləmə əməliyyatlarında iştirak edir. Bu itlər çox sayda mina və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.

İşğaldan azad olunmuş ərazilərin minalardan tezliklə təmizlənməsində əvəzsiz rola malik minaaxtaran itlərin ölümü isə təəssüf doğurur. Bu itlərin sayəsində minaaxtaranlar arasında ölüm halları nəzərəçarpacaq dərəcədə azalır.