“Dost ölkələrə məxsus şirkətlərin bərpa-quruculuq işlərinə cəlb edilməsi çox effektli olacaq” – Millət vəkili / VİDEO

“Müharibə dövründə Azərbaycana dəstək olan ölkələrin şirkətləri ilə iqtisadi əlaqələrin inkişafı vacibdir”.

Bu sözləri işğaldan azad olan bölgələrimizin bərpasına dost ölkələrin şirkətlərinin cəlb olunmasının əhəmiyyətini dəyərləndirən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibliyinin təşkilat şöbəsinin müdiri, deputat Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Aydın Hüseynovun sözlərinə görə, işğaldan azad olunn ərazilərdə quruculuq işlərində dost ölkələrlə iqtisadi əməkdaşlığın yaradılması müsbət nəticələrə səbəb ola bilər:

“Azərbaycanın çox böyük iqtisadi potensialı var. Sənaye ilə yanaşı, turizm və kənd təsərrüfatının əlverişli inkişafı üçün iqtisadi strategiyada ölkəyə xarici investisiyanın cəlb olunması vacibdir.

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin daha da sürətləndirilməsi üçün xarici şirkətlərin cəlb edilməsi çox effektli olacaq. Lakin hər xarici şirkətin cəlb edilməsinə də yol vermək olmaz.

Azərbaycan Vətən Müharibəsi dövründə dostlarını tanıdı. Quruculuq işlərində həmin dost ölkələrin şirkətlərinin cəlb olunması və iqtisadi proseslərdə qarşılıqlı əməkdaşlığın olması önəmlidir.

Bu addım həmin dost ölkələrlə humanitar və mədəni münasibətlərimizi də xeyli möhkəmləndirəcək. Proseslərin bu şəkildə davam etdirilməsi Azərbaycanın iqtisadi nüfuzuna müsbət təsir etməklə yanaşı, dostlarımıza verdiyimiz dəyərin də bariz nümunəsi olacaq”.

Gülşən Şərif