!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabir RÜSTƏMXANLI: Dost sözü

!Reklam – Yazi

download (4)

Bu gün görkəmli içtimai- siyasi xadim , filologiya elmimizdə, tarixşünaslığımızda tək başına bütöv   bir institut qədər iş görmüş  filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun doğum günüdür.

Firudin  bəylə təqribən 45 il öncə tanış olmuşduq. “Appastrof lazımdırmı?” adlı bir məqaləsini oxumuş və işlədiyim “Ədəbiyyat və incəsənət “ qəzetində dərc etmişdim. Nəticəsi göz önündədir, indi artıq dilimizdə lazımsız  appastrof işarəsi yoxdur.

Elə ilk tanışlıqdan uzun illərin yaxınına , dostuna çevrilmişdik. Yəqin burda milli- filoloji dəyərlərə münasibətlərimizdəki yaxınlıqla yanaşı , vətəndaşlıq mövqeyi, xalqımızın taleyi ilə bağlı düşüncə və arzularımızdakı oxşar cəhətlər də  rol oynamışdır.

Firudin Ağasıoğlu ixtisasca dilçidir; bu sahədə dəyərli araşdırmaları var . Lakin,  xalqımızın  taleyi və ötən yüz ilin 60-ci illərindən filologiyamızda , ədəbi , içtimai , elmi fikrimizdə güclənən milli özünü dərk prosesi , tarixi yaddaşın bərpası və güclənməsinə olan  içtimai tələbat onu həm də bir tarixçiyə , içtimai xadimə , elm , təhsil və vətəndaş qurumlarının təşkilatçılarından birinə çevirdi.

Dilçilərin tarixə marağı təsadüfü sayıla bilməz. Xüsusən Azərbaycan türkləri kimi tarixi “Siyasət canavarına “ bağlanan, qurban verilən , saxtalaşdırılan, ilk mənbələri yox edilən bir xalqın dili həm də ən etibarlı bir tarix mənbəyi , tarix güzgüsü rolu oynayır.

Səksəninci  illərin ortalarından başlayaraq biz bütün siyasi proseslərdə   xalq  içində, müstəqillik uğrundakı  mübarizələrdə yanaşı olmuşuq.

“Varlıq “ birliyin əsas qurucularından idi , meydana bir yerdə çıxmışıq. O , nümayış komitəsinin ilk başçısı idi. Mən meydanı idarə edənlərdən biri idim. Meydan hərakatından sonra mən ölkədə ilk müstəqil qəzet olan “Azərbaycan”ı çap edəndə Firudin bəy onun redaksiya heyəti üzvlərindən biri oldu. Qəzetdə latın qrafikasına keçid kampaniyasını  başladıq və sonralar bunu bir yerdə həyata keçirdik.

Meydanda və sonralar bir çox məsələlərdə münasibətlərimiz eyni idi. Və buna görə qaragürühların hücumlarını da  gördük. Və birgə müqavimət göstərdik, birgə mübarizə apardıq.

Millət vəkili olaraq müstəqillik uğrunda mübarizənin çətin yollarından keçdik. Azərbaycanın Dövlət Müstəqilliyinin   bərpası haqqında  “Konstitusiya Aktı” na qol çəkdik, müstəqil dövlətimizin nazirləri olduq.

Yanaşı gördüyümüz işlər keçdiyimiz yollar haqqında ətraflı yazmaq imkanı yoxdur, bu geniş vaxt aparar.

Qarabağ  cəbhəsində  ermənistanla sərhəd bölgələrində quzeydən güneyə  çoxlu görüşlərimiz oldu, təhlükələrdən adladıq. Bütün bunlarla yanaşı əsas işimizdən uzaqlaşmadıq.

Firudin  Ağasıoğlu əsl elm adamıdır. Son illərdə yaşadığı bütün sıxıntılara baxmayaraq öz elmi araşdırmalarını yarımçıq qoymadı. Neçə – neçə  bir – birindən dəyərli  əsər yazdı. Onu İbrahim peyğəmbər haqqında araşdırmaları , “ Azər xalqı”, “ Daş baba”, “Etrusklar” adlı kitabları ümumtürk tarixinə çox dəyərli tövsələrdir.

Firudin bəylə üst- üstə düşən bir fikrimiz də türklərin ata yurdlarının ilk coğrafi məkanlarının Altay  deyil , Urmiya hövzəsi Ön Asiya olmasıdır.

Bu konsepsiya türkçülük elmində inqilabi bir hadisə və dönüş nöqtəsi sayılmalıdır. F. Ağasıoğlunun bu mövqeyi təsdiqləyən 9 cildlik “Azərbaycan türklərinin İslama qədər tarixi” kitabı müəllifinin böyük elmi kəşfi  və Azəraycan tarixşünaslığının uğuru sayılmalıdır. Hələlik 3 cildi çap olunmuş bu əsər siyasi , dini maraqlarla saxtalaşdırılan tarixşünaslığımızda mənəvi işğala son qoyur. Oxucunun üzünü tarixi həqiqətləri açır. Təəssüf ki, həmin əsər hələ ki,  geniş müzakirəyə cəlb edilməmiş və əsl elmi qiymətini almamışıdır. Amma gec- tez Firudin bəyin bu mövqeyi təsdiqini tapacaq və böyük elmi axtarışların zəhmətin nəticəsi olan bu çox ciddi əsər əsl qiymətini alacaqdır.

Türklərin islama qədərki tarixi qəsdən gizlədilən , unutdurulan əyri güzgüdə göstərilən bir tarixdir. Bu tarixi öyrənməkdə F. Ağasıoğlunun türk dünyasında alternativi yoxdur.

Mən əziz qələm dostumun elmi və ictimai fəaliyyəti haqqında geniş yazmaq istəmirəm.  İmkan düşəndə onu da yazarıq. İndi sadəcə olaraq onu doğum günü münasibəti ilə təbrik etmək istədim. Ona uzun ömür , can sağlığı arzulayıram. Fəxr edə bilər ki,  bütün ömrünü elmimizin inkişafına , millətimizin yüksəlişinə və müstəqillik mübarizəsinə sərf edib.

06 may  2015

www.yenicag.az

911
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv