Dostluq “qatili” – Anar Yusifoğlu yazdı…

anar_yusubov_main_200715Hər birimizin öz dünyası, öz aləmi olsa da, biz bu dünyadan kənarda deyilik. Bu qədər informasiyanın, kommunikasiya vasitəsinin olduğu dünyada çox vaxt ünsiyyətə möhtac yaşayırıq. Tənhalığımızın özündə belə başa düşülmə, anlaşılma istəyi tükənməzdir, üstəlik, sosial, siyasi, iqtisadi münasibətlər olmadan mövcud olmamız da mümkün deyil.

Hər kəsin maddiyyata ehtiyacı var. Amma biz «qandan və çamurdan» ibarət deyilik ki, bütün düşüncəmiz maddi mövcudluğumuzun üstündə qurulsun. “Ruh və cansız” insan həyatı heyvan həyatından qəti fərqlənmir. Bunu anlamaq o qədər də çətin olmamalıdır.

Bütün düşüncəsini mənafe üstündə quran insana az rast gəlmirik. Belələri üçün hər bir tanış, hər bir əlaqə, hər bir münasibət yalnız mənfəətdir: Kim bu ölçülərə uyğun gəlmirsə, demək, onunla ünsiyyət saxlamağa dəyməz!

Ədəbiyyatın mövzusu olan belə tiplərin bütün həyatları yalnız «iqtisadi əlaqə» üstündə köklənir. Ömrünü-gününü alan bu əlaqələr onu adi insani hissdən də məhrum edir: onun üçün ana, bacı, qardaş, dost adlı doğmalar «maddi yükdən» başqa bir şey deyil. Maddi yükdən azad olmaq və maddi yükünü tutmaq üstündə savaşa çıxan bu insanların yaşam qayəsi isə onları özlüyündən, kimliyindən qoparıb aparır.

Özlərinə bəraətləri də varmış – mənafe üstündə qurulan əlaqəni «ağıllı sosial mövqe», «mövcudluğun nizamı» sayırlar.

Bu bisavadlar hələ də dərk etmirlər ki, dünyanın nizamının eşqdən asılı olduğu bəşəriyyətə ən azı Nizami dövründən bəllidir.

Doğmalardan qaça-qaça, mənəvi ünsiyyətdən uzaqlaşa-uzaqlaşa içlərində yaranan boşluğu maddi nemətlərlə doldurmağa çalışırlar. Amma bunun nə faydası var? Ruh bədən deyil ki, ehtiyacını yeməklə, geyməklə, gəzməklə ödəyə bilsin.

Bir də, atalar yaxşı deyib, «tənha quş yuva bağlamaz, qartal olsa da».

Hər gələn faninin əbədi mənzilə gedişi də var. Hələ heç kim əbədiyyətə pulun çiynində getməyib…

Ancaq heç kim deyə bilməz ki, maddiyyat insan xarakterini dəyişir, onu hissiz, duyğusuz birinə çevirir. Doğrusu, bu cəfəngiyyatları eşitməkdən bezmişəm. Maddi nemətlər insanlıq, sərvət insaniyyət üçündür. Maddi rahatlıq insanın psixoloji aləminin, əxlaqi keyfiyyətlərinin güzgüsüdür.

İnsanın xarakterini nəsə dəyişirsə, onu maddiyyatın üstünə atmağa dəyməz. Demək adam buqələmundur, vəssalam, bunun başqa adı da yoxdu. O, səngərdə düşmən gülləsi qarşısında da səni tək qoya bilər, qar üstündə təsadüfən sürüşüb ayağını sındıranda da!

Maddi sərvətin doğmanı yada, yadı doğmaya çevirdiyini də hər kəs yəqin ki, müşahidə edib. Görəsən, bunun nədən qaynaqlandığını düşünən olubmu?

Hər kəs əlinə düşən fürsətdə xarakterini göstərir. Bütöv xarakterli insanlar maddi zənginləşdikcə, nə qədər mənəvi doğmalar, yaxınlar qazanır… Bəziləri isə qan qohumlarını, illərlə boyunlarında haqları olan insanları belə unudurlar…

Hər addımda mənəvi doğmalıq qazanmaq imkanı ələ düşmür. Tanrı insana çox məhdud sayda belə fürsət verir.

Bunu dəyərləndirmək qabiliyyəti olanlar əsl sərvəti qazananlardı…

COP29