!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dostu Həsən Məmmədov barədə: “Həkimlər onu görəndə dəhşətə gəldi” - MÜSAHİBƏ

!Reklam – Yazi

Bu gün xalq artisti, Azərbaycan milli kinosunda əvəzsiz xidmətləri olan məşhur aktyor Həsən Məmmədovun xatirə günüdür.

Xalq artisti Rafiq Əzimov sənət dostu ilə bağlı xatirələrini Yenicag.az-la bölüşüb.

– Bildiyimizə görə, Həsən Məmmədovla tələbə yoldaşı olmusunuz. Bəlkə o illərə qayıdasınız, Həsən necə tələbə idi?

– Həsən bizim instituta gələndə artıq tələbə idi. O, universitetin fizika-riyaziyyat fakültəsinin ikinci kursunu bitirmişdi. Valideynləri onun aktyor olmasının əleyhinə idilər. Buna görə də məcburən həmin fakültəyə qəbul olunmuşdu. Lakin içindəki arzular onu rahat buraxmadığı üçün Universiteti atıb, İncəsənət İnstitutuna daxil oldu. Biz bunu sonradan öyrəndik. Çox istedadlı, eyni zamanda xaraktercə qaradinməz oğlan idi. Biz tələbələr vaxtaşırı etüdlər təqdim edirdik, lakin Həsən bir dənə də olsun etüd vermirdi.

Kurs rəhbərimiz dilə gəldi ki, ay Həsən, sən niyə etüd təqdim etmirsən? Həsən o vaxt çox məşhur olan Amerika filmi “Qəlp pul”dakı dilənçinin obrazını etüd şəklində təqdim etdi. O qədər gözəl oynadı ki, hamımız məəttəl qaldıq. Həsən istedadı daxilində olan tələb idi.

– Elə “Böyük dayaq” filminə də tələbə ikən çəkildi. O dövrdə tələbənin böyük bir filmdə çəkilməsi asan deyildi. Həsən buna necə nail oldu?

– Üçüncü kursda oxuyanda Həbib İsmayılov Həsəni “Böyük dayaq” filminin sınaq çəkilişlərinə dəvət etdi. Həmin vaxt “Qaraş” rolunun sınaq çəkilişinə güləş üzrə dünya çempionu Sadıq Süleymanovun oğlu da dəvət almışdı. Həsən düşündü ki, məşhurun oğlunu qoyub, yəqin ki, onu filmə çəkməyəcəklər. Tətildə çıxıb getdi Salyana – evlərinə. Bədii Şura sınaq çəkilişlərində “Qaraş” obrazına kimi çəkəcəyi barədə tərəddüd edib. Bu zaman Bədii Şuranın üzvü Rza Əfqanlının qızı Bədurə Əfqanlı deyib ki, Həsən elə əsl “Qaraş”dır, o çəkilsin. Bundan sonra qərar verilib. Salyana teleqram vurdular ki, tez gəl, səni filmə təsdiqləyiblər.
Həsən həmin filmdən sonra bir günün içində məşhurlaşdı.

– Tələbə vaxtı başınıza gələn maraqlı hadisələri bəlkə danışasınız?

– Xatirələr çoxdur. Rejissor Tofiq İsmayılov da bizimlə tələbə yoldaşı idi. O, hamımızı evlərində keçirilən ad gününə dəvət etdi. Hamımız gəldik, gördük Həsən yoxdur. Xeyli vaxt keçəndən sonra qapı döyüldü, Həsən əlində iri bağlama içəri girdi. Tofiqə dedi ki, bu vazanı sənə hədiyyə gətirmişəm. Biz kasıb uşaqlar idik, kitab, tort alıb gəlmişdik, Həsənin hədiyyəsini görəndə təəccübləndik.

Fikirləşdik ki, belə bahalı hədiyyəni necə ala bilib? Səhəri gün dərsə gedəndə Həsəni qanıqara gördüm. Soruşdum nə olub? Dedi ki, bəs dünən ad gününə hədiyyə ala bilməyib. Məcbur qalıb, qardaşı arvadının cehizlik billur vazasını Tofiqə aparıb. Arvad da ərinə deyib ki, vaza yoxdur, yəqin Həsən sındırıb. Sonra da gizlədib ki, evdə heç kimin xəbəri olmasın. Məndən məsləhət istədi ki, indi nə edim? Dedim Tofiqdən vazanı geri almaq ayıb olar. Dedi, onda məni evə buraxmayacaqlar. Tofiqin ailəsində də məsələni bilmişdilər, həmin gün o özüylə vazanı dərsə gətirib Həsənə verdi ki, apar qoy yerinə.


– Ömrünün son günlərində bədbin idi, teatrdan da uzaqlaşmışdı…

– Bir dəfə mənə dedi ki, Rafiq, teatra qayıtmaq istəyirəm, amma bilmirəm bunu necə deyim. Mən ona dedim ki, Polad Bülbüloğluna yaxınlaş, istəyini ona bildir. Bir gün tədbirlərin birində çəkinə-çəkinə nazirə yaxınlaşdı və istəyini bildirdi. Polad Bülbüloğlu dərhal “Azdrama”nın o vaxtkı rəhbəri Həsən Turabova tapşırdı ki, Həsən Məmmədovu işinə bərpa etsin. Sonradan Həsən yenə də teatrdan çıxıb Kinostudiyaya qayıtdı. Amma ruhdan düşürdü ki, niyə filmlər çəkilmir, nə vaxta qədər gözləyəcəyik?

 

– Son görüşünüzü xatırlayırsınız?

– Onunla tez-tez görüşürdük. Bir gün gördüm ki, üzü qıpqırmızıdır, halı özündə deyil. Soruşdum ki, nə olub? Bəlkə təzyiqin var? Cavab verdi ki, nə təzyiq. Yaxınlıqdakı xəstəxanaya apardım. Həkimlər ölçəndə gördülər ki, təzyiq 220-dir. Dəhşətə gəldilər. Bu təzyiqlə necə gəzmək olardı? Xəstəliyinə fikir verən adam deyildi. Amma ürəyində ciddi problemlər vardı. Ölümü ilə hamımızı yandırdı. Həsən böyük aktyor idi, milli kinomuzda onun əvəzsiz xidmətləri var.

Cəvahir

www.yenicag.az

8919
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv