!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dostuna deyib ki, mən xidmətimi başa vuran gün şəhid olacam” – Aprel şəhidi Emin Bağırovun bəsirət gözü açıq imiş

!Reklam – Yazi

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə baş verdi. Dördünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Talış kəndi yüksəkliklərini, Seysulan məntəqəsini azad edib, eləcə də Füzuli rayonu istiqamətində “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdilər.

Hərbi əməliyyatlar zamanı Silahlı Qüvvələrimizin 88 hərbi qulluqçusu şəhid oldu. Onlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı Emin Bağırovdur. Emin Bağırov 1996-cı ildə Bakı şəhərində anadan olub. Uşaq yaşlarından hərbçi olmağı arzulayıb və hərbi formanı geyinəcəyi günü səbrsizliklə gözləyir. İllər sonra isə onun arzusu gerçəkləşir. Hətta Milli Qəhrəman Mübariz İbrahimovu özünə kumir seçir və onun kimi qəhrəman olacağına söz verir.

Yeniçağ.az olaraq şəhidin xatirəsini yad etmək və ildönümü ilə əlaqədar evlərinə yollandıq. İlk öncə küçədəki girəcəkdə diqqətimi şəhid Emin Bağırovun böyük plakatı çəkdi. Bizi qardaşı Yaqub qarşıladı, yolboyu da Eminin cəsurluğundan danışır kövrəlirdi. Onun söhbətlərini dinlədikcə ağlımda yalnız bu düşüncə yarandı: şəhid yaxını olmaq daha ağırdır.

Eminin nənəsi Xatunzadə Bağırova bizi görüb hönkürtü ilə ağlamağa başladı:

“Balamı yad edib, gələn ayaqlarınız ağrımasın”, dedi. Bir az toxtayıb əlavə etdi:

“Emin evin üçüncü uşağı idi. Çox zirək idi. Məktəb də fəal uşaqlardan biri idi, tədbirlədə iştirak edərdi. Hətta müəllimləri də onu çox istəyirdilər, indinin özündə də onun üçün göynəyirlər. Uşaq vaxtından dəcəlliyindən geri qalmazdı, həmişə atasından ayrı pul alardı, məndən ayrı. Mənə deyərdi ki, “verdiyin pulu atama demə”. Nəvələrimin içində ən çox Yaqubu çox istəyirdim, ancaq Eminin yeri başqa idi. Elə yerinin başqa olduğunu şəhidliyi ilə bir daha sübut etdi (kövrəlir).


Əsgərlikdə olanda 2 dəfə “otpuskaya” gəlmişdi, axırıncı dəfə dedi ki, “ay nənə, elə öyrəşmişəm o tərəflərə, buralara gəlmək istəmirəm”. Hələ əsgərliyə getməmiş qız da istəyirdi, gəlib sirlərini mənimlə bölüşürdü. Deyirdi: “əsgərliyə gedib-gəlim evlənəcəm, səni də özümlə aparıb saxlayacam”. Mənə baxacağına söz vermişdi, ancaq gözüyaşlı qoydu. Yaquba deyirdi ki, “mənə əsgərlikdən qayıtmaq qismət olmasa, qızın olsa o qızın adını qoyarsan”. Elə bil ürəyinə dammışdı qayıtmayacağı. Bizə hələ də yuxu kimi gəlir Eminin yoxluğu. Dəyərli bir oğul itirdim. Elə gün yoxdur ki, Emin üçün ağlamayım. Artıq gözümün yaşı da quruyub. Kaş ki, Eminim sağ qalardı. Mən heç vaxt inanmazdım ki, müharibə olar, sağ-salamat yola saldığım balam, salamat qayıtmayacaq. Ancaq o, həmişə evdə də “mən şəhid olacam” ifadəsini işlədirdi. Balam ön cəbhəyə könüllü gedib. Orda deyib ki, “ iki qardaşım var, mən olaram onların şəhid qardaşı…”


Evimizə gələn hərbçilər danışırdı ki, Emin düşmənə gülləni yerə uzanıb “zalım ermənilər sizə lənət olsun”, deyərək qışqıra-qışqıra atırmış. Mənə dedilər ki, nənə ağlama, sənin nəvən 1 əsgərimizin yerinə 10 erməni öldürürdü. Buna baxmayaraq, bizə yenə ağır dərddir. Hətta babasının da vəziyyəti ağırdır. O da, mən də istəyirik ki, bizim balamıza “Milli qəhrəman” adı verilsin. İndi çox şey yadımdan çıxıb, demişəm, Eminin ilindən sonra oturub onun haqqında bütün həyatını yazacam”.

Yaqub nənəsinin hönkürtü ilə ağlamasını görüb, tez onu sakitləşdirməyə çalışır. Və biranlıq araya sükut çökür. Gözüm kənarda sakitcə göz yaşlarını ovucunun arasındakı yaylığa sıxıb gizlədən anaya sataşdı. Ananı ovundurmaq və az da olsa təsəlli vermək üçün söhbət etdim. Sədaqət Bağırovanın sözlərinə görə, oğlu uşaq vaxtından vətənpərvər olub:

“Emin I sinifdə oxuyanda müəllimə uşaqlardan soruşub ki, “böyüyəndə nə olacaqsınız?”, hamı cavab verəndən sonra oğlum da qalxıb “mən əsgər olacağam”, – deyib. O, qeyri-adi uşaq idi. Axırıncı dəfə gələndə ona demişdik ki, orda qalma. Çünki orda qalıb işləmək fikri vardı. Mənə demişdi ki, “sizi də çox istəyirəm, Vətənimi də”. Mən heç onun qalmağına razı deyildim. Aprelin 1-i əsgərliyini başa vurub evə gələcəkdi, qismət olmadı (gözləri yaş içində oynayır). Həmişə boynumu qucaqlayıb deyirdi ki, “ana, mən şəhid olacam. Sən də şəhid anası olacaqsan”.

Əvvəl-əvvəl başa düşmürdüm, onun dediklərini elə də ciddiyə almırdım. Sonralar deyirdim “bala mənə elə dağ çəkmə. Sənsiz necə yaşayaram?”. Deyirdi, “sən heç fikir eləmə, hər şey yaxşı olacaq”. Deyirdim: “Emin, anan qurban, gördün müharibədir, sən arxa cəbhədə qal”. Deyirdi ki, “ana sən nə danışırsan? Mənim üçün heç vaxt ağlama”. Hələ indiyə qədər oğlumun şəhid olmağına inanmıram. Çıxıram çölə, qapı açılan kimi gözümü yola dikirəm ki, indi bu dəqiqə Emin içəri girəcək. Elə bilirəm balam sağdır (ağlayır).

Emin evin sonbeşiyi olsa da, mənə həmişə deyirdi ki, “qardaşlarımdan muğayat ol”. Axırıncı dəfə məzuniyyətə gəlmişdi, hərbi hissəyə qayıdanda ikinci qardaşını bərk-bərk qucaqlayıb, bağrına sıxdı. Heç vaxt elə görüşməmişdi. Və onu mənə tapşırdı. Hətta dostlarının birinə də demişdi ki, “mən xidmətimi başa vuranda şəhid olacağam”. Ola bilsin ki, bəsirət gözü açıq olub balamın. Bilmirəm, heç nə bilmirəm”.

Göz yaşlarına boğulan və nalə çəkən ananın halı pisləşir. Söhbəti saxlayıb, otaqdan çıxırıq. Ayaqüstü Eminin qardaşı Yaqubla danışmağa da qərar verdik…

“Mən Eminin böyük qardaşı olsam da, o boy-buxunda məndən hündür idi. Hətta çox vaxt məhəllədə, məktəbdə bizi gec-gec görənlər səhv salardı. Qardaşımla dost idik, məktəbdə, məşqdə bir yerdə olurduq. Onun gözündə qorxu deyilən bir hiss yox idi. 2014-cü il oktyabrın 8-də Emini əsgərliyə yola saldıq. İlk 3 ayı Lənkəran şəhərində xidmət etmişdi, ondan sonra “xüsusi təyinata” yazılmışdı. Sonuncu danışığımız aprelin 2-si olmuşdu, atama zəng vurub demişdi ki, “xəbərin olmamış olmaz, uğur biz tərəfdədir”.

Həmin günü də Füzuli istiqamətində “Lələ təpə”də olub. Ayın 3-ü onları ordan da Talış kəndinə göndərmişdilər. Eminin həmin zəngindən sonra onunla əlaqə saxlaya bilmədik, çox narahat idik. Ürəyimə dammışdı, bilirdim ona nəsə olacaq, ancaq özümü sakitləşdirməyə çalışırdım. Və martın 5-i Eminin ölüm xəbərini birinci mən eşitdim (gözləri dolur).

Dostumla məhəllədə oturmuşdum, ortayaşlı bir adam bizə yaxınlaşdı və dedi ki, “bu məhəllədə şəhid var, tanımırsınız evini?”. Onun bu sözündən sonra Emin ağlıma gəldi, dedim ki, “mənim qardaşım əsgərdi”. Kişinin rəngi ağardı və mən sözümü bitirməmiş o maşına oturub getdi. Tez əmimə zəng elədim ki, gəlin, gedək “voenkomata”, Emindən bir xəbər bilək. Orda da əmimə xəbəri təsdiqlədilər. Qardaşımın yeri hər an görünür, yoxluğu hiss olunur. O, həmişə hər yerdə seçilirdi. Çalışırdı ki, birinci olsun. Elə şəhid olmaqla da seçildi”.

Söhbətin bu yerində şəhidin yaxın dostu Vüsal qapıdan içəri girdi. Emin haqda danışdığımızı eşidib, o da söhbətə qoşuldu:

“Mən Eminlə 5 yaşından dostam. O, uşaq vaxtından cəsur idi. Uşaq vaxtı ya onların, ya bizim bağı “dağıdanda” Eminin babası Vəzirxan əmi bizi qabağına qatardı. Hamımız qaçardıq, ancaq Emin mərdi-mərdanə kişinin qarşısında dayanardı ki, “baba, vur ürəyin soyusun”. O, kinli deyildi, çox ürəyi təmiz oğlan idi. Eminin elə sirri yox idi ki, mən bilməyim. Onunla aramızda elə sirlər var ki, mənimlə qəbrə gedəcək. İndi Eminin yoxluğu hər birimiz üçün dəhşətdir. Əsgərlikdə olanda mənimlə də tez-tez əlaqə saxlayardı, hətta mesaj vasitəsilə yazışardıq. Şəhid olmamışdan öncə məzarının üstündə yazılan şeiri özü yazmışdı və birinci mənə göndərdi ki, “bax, necədir, xoşuna gəlirsə paylaşım”. Mən də dedim ki, “yaxşı yazmısan, amma belə şeylər paylaşma”. O da mənə dedi ki, “ürəyimə damıb, bilirəm şəhid olacam”.

Hətta onu da deyim ki, o kursları keçəndən sonra çox dəyişmişdi, adi zarafatlarımızı belə qəbul etmirdi. Mən Aviasiya Akademiyasında oxuyuram. Emin paraşütdən tullananda mənə şəkil göndərmişdi və yazmışdı ki, “ qardaşım, sən helikopteri sürə bilmədin, ancaq mən artıq sürdüm”. Hətta o, axırıncı dəfə evə gələndə, mən onunla görüşə bilmədim. Mən gəldim, o getdi. Demək, qismət deyilmiş (kövrəlir). Dördgünlük müharibədə o öz əsgər yoldaşını döyüşə getməyə qoymamışdı. Ona deyib ki, “sən atanın bircə oğlusan. Mənim atamın isə 3 oğlu var, qoy onun biri də Vətənə qurban olsun”. Mən də olaram iki qardaşın şəhid qardaşı”. Sevdiyi qız da vardı. O qız Eminin şəhid olduğuna inanmırdı. Məndən soruşmuşdu, təsdiqləmişdim. Hər birimiz üçün onun yoxluğu dəhşətlidir, hələ də inana bilmirik. Amma hamımız onunla fəxr edirik”.

Eminin ailəsi ilə söhbətimizi yekunlaşdırıb, hamı kimi borcumuzu yerinə yetirmək üçün Vətən uğrunda canından, qanından keçən, gənc ömrünü bizim dinc yaşamağımıza qurban verən, erməni gülləsinə tuş gələn şəhidimizin məzarını ziyarət etməyə getdik. Bizdən öncə atası İmran Bağırovun orada olduğunu və məzarın yanında oturub, ağladığını gördük. Yaqub atasını məzar daşından ayırdı. Biz də ata ilə söhbətimizi şəhidimizin məzarı üstə davam etdirdik…


“Emin göz qabağındadır, mənim nəsə deməyim artıq olar. Vətənpərvər uşaq idi. O Vətəni seçdi və vətən yolunda da şəhid oldu. Oğlum şəhid olandan sonra ona qəhrəman adı verilsin deyə Müdafiə Nazirliyinə müraciət etdim. Orada məni qarşılayan səhv etmirəmsə general-mayor Rasim Əliyev dedi ki, “oğlun ölüb ölüb də, onun ölümündən bizə nə var?”. O şəhiddir, şəhid atasına elə söz demək olar? (Gözündən yaş axır və dodaqları titrəməyə başlayır)

Mən atayam… Müharibə başlayanda hiss edirdim ki, oğluma nəsə olacaq. Axırıncı dəfə ayın 2-si özü mənə zəng eləmişdi. Danışanda demişdi ki, “ata, yəqin ki, məlumatın var. Uğur bizdədir”. Dedim ki, gəlirəm yanına.

Telefon kəsildi və hiss etdim ki, bir daha oğlumla əlaqə saxlaya bilməyəcəm. Elə bil ki, bu uşağın alnına şəhidlik yazılmışdı”.

Allah rəhmət eləsin!!!

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

3471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv