!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət adamları da "bozbaş şou"lara baxırsa... - İTTİHAM

!Reklam – Yazi

Azərbaycanda fəaliyyət göstərən bir sıra özəl telekanallarda bayağı, dedi-qodu verilişlərin sayı həddən artıq çoxdur. Televiziyaların belə bir yol tutmasına və bayağı verilişlərə üstünlük vermələrinə səbəb nədir?

Siyasi şərhçi Azər Həsrətin Yenicag.az-a açıqlamasına görə, televiziyalarla bağlı belə bir vəziyyətin yaranmasına bazar iqtisadiyyatı təsir göstərib:

“Telekanallarda hansı verilişlərə üstünlük verilməsi də tələblə təklifdən qaynaqlanır. Tələb var, təklif də olunur. Ona görə də bayağı verilişlər efirdən düşmür. Fikir vermisinizsə, yüksək intellektual verilişlərin tamaşaçıları həddən artıq azdır. Amma bayağı, yaxud bozbaş şouların tamaşaçıları həddən artıq çoxdur. Bəzən 80-90 faiz tamaşaçı məhz belə verilişlərə baxmağa üstünlük verir. Ona görə də kommersiya xarakterli televiziya və radio kanalları bayağı və şou xarakterli verilişləri verməyə meyillidirlər. Çünki auditoriya geniş olduqca onların da gəlir əldə etmək imkanları daha da artır. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində belə problemlər mövcuddur. Problemdən çıxış yolu axtaran mütəxəssislər sadəcə olaraq nə edəcəklərini qəti şəkildə bilmirlər. Ona görə ki, bir tərəfdən insanlar televiziyaların aşağı səviyyəli verilişlər hazırladığını bildirsələr də, digər tərəfdən, tənqidi fikir söyləmələrinə baxmayaraq onların özləri də həmin verilişlərə baxır. Dəfələrlə belə halların şahidi olmuşam. Ciddi dövlət adamları, bəzi icra başçıları, nazirlik əməkdaşları siyasi verilişlərə baxmaq əvəzinə, həmin bayağı, şou verilişlərə baxmağa üstünlük verirlər. Siyasi şərhçi olaraq televiziya verilişi aparmışam, televiziyalarda tez-tez ekspert rəylərilə çıxış edirəm.

Yəni efirdə tez-tez görünürəm. Amma şəxsən məni bir çox rəsmi şəxslər tanımır. Lakin mənimlə bərabər hər hansı bir tədbirdə olan və televiziyalarda aşağı səviyyəli verilişləri aparan adamları görərkən bəzi icra başçılarının dərhal onların qarşısına qaçdığının dəfələrlə şahidi olmuşam. Yəni bəzi rəsmi icraedici şəxslər belə həmin bayağı verilişləri aparanlara xüsusi ehtiram göstərirlər. Bu şəxslər özlərinin siyasi yetkinliyini yüksəltmək əvəzinə, sadəcə olaraq dedi-qodu ilə dolu olan verilişlərə baxmaqla həm öz zövqlərini korlayır, həm də xarakterlərini daha bərbad günə salırlar. Bir var kütlə bu cür bayağı verilişlərə baxsın, hansı ki, onları bu psixologiyadan xilas etmək asandır. Amma idarəedici, dövlət qulluqçuları təbəqəsi, hətta alimlər belə verilişlərə baxırsa, həmin cəmiyyəti həqiqətən də “xəstə cəmiyyət” adlandırmaq olar. Ona görə də dövlət qulluğunda olan adamların maarifləndirilməsi üçün tədbirlər görülməlidir”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

941
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv