“Azərbaycandan media nümayəndələri, bloqerlər, fotoqraflar, rəssamlar və turizm sektoru təmsilçilərinin Özbəkistana səfərlərini təşkil etmişik”.
Bu fikirləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan Ümumdünya Turizm Təşkilatı (ÜTT) Baş Assambleyasının 25-ci sessiyasına qatılan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Yenicag.az-a açıqlamasında deyib.
Agentlik rəhbərinin sözlərinə görə, Səmərqənddə keçirilən toplantı turizm sahəsinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:
“Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş Assambleyası iki ildən bir keçirilir və bu, pandemiyadan sonra təşkil olunan ilk toplantıdır. Azərbaycan bu qurumun İcraiyyə Şurasının üzvü olaraq, qarşıdakı dönəmdə qərarların qəbulunda yaxından iştirak edəcək.
Bu toplantının çox faydalı olduğunu düşünürük. Çünki burada turizm sahəsinə dair bütün aktual məsələlər müzakirə olunur, o cümlədən, trendlər, ideyalar, təşəbbüslər dəyərləndirilir. Bir sözlə, bura müzakirələrin aparılması üçün çox əlverişli platformadır.
Eyni zamanda, toplantının təşkil olunduğu Özbəkistanla Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq yüksək səviyyədə həyata keçirilir, müxtəlif birgə layihələr icra olunur.
Biz Azərbaycandan media nümayəndələri, bloqerlər, fotoqraflar, rəssamlar və turizm sektoru təmsilçilərinin Özbəkistana səfərlərini təşkil etmişik. Analoji qaydada Özbəkistan nümayəndələri də Azərbaycana səfər ediblər. Özbəkistanla bu sahədə əməkdaşlığımız ikitərəfli əsasda və beynəlxalq təşkilatlar çərçivəsində gerçəkləşdirilir”.
Rüstəm Qasımov