Dövlət bayrağı necə asılmalıdır? Partiya sədrindən Novruz Məmmədova SƏRT İTTİHAMLAR

“Novruz Məmmədov bayrağımızdakı Türk rəmzinə olan sayğısızlığına görə cəzalandırılmalıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri “Reaksiya TV” “Youtube” kanalına açıqlamasında Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik haqqında 21 iyun 2018-ci il tarixli qərarına münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

VİP sədrinin sözlərinə görə, dünya ölkələrinin analoji təcrübəsinin əksinə olaraq, Azərbaycanda dövlət bayrağının şaquli vəziyyətdə asılışı zamanı, yaşıl rəngin sol tərəfdə yerləşdirilməsi tələbi kökündən yanlışdır və ideoloji baxımdan qəbuledilməzdir:

“Bizim əlifba soldan sağa oxunur. Bayrağımızın rənglərində isə Türklük (mavi) birinci, Müasirlik (qırmızı) ikinci, İslamilik (yaşıl) isə üçüncü prinsip kimi təsbit olunub. Əlifbamızda oxunuş soldan sağa olduğu üçün bayrağımızın şaquli asılışında da mavi rəng (Türklük) birinci yerdə, yəni solda olmalıdır. Əks variant yanlışdır. Nazirlər Kabinetinin qərarına görə, guya bayraq şaquli vəziyyətdə elə asılmalıdır ki, üfiqi vəziyyətə gətirilən zaman rənglər yerini dəyişməməlidir. Bu, kökündən səhv yanaşmadır. Çünki bayrağın üfiqi və şaquli vəziyyətdə asılması qaydaları bayrağın prinsiplərini pozmamalıdır. Başqa sözlə desək, bayrağın şaquli və üfiqi vəziyyətdə asılışı fərqlidir. Ona görə də bu qərar bayrağımıza, Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılan Azərbaycanın milli rəmzinə hörmətsizlik, həmçinin, bayrağımızın prinsiplərinə sayğısızlıqdır. Beynəlxalq təcrübədə də belədir. Araşdırdım və gördüm ki, Almaniya, Rusiya və Ukraynada da dövlət bayrağı şaquli vəziyyətdə asıldıqda, birinci rəng solda yerləşdirilir. Novruz Məmmədov bu qərarı ilə xalqa və Türk rəmzinə qarşı hörmətsizlik etdiyi üçün hörmətsizliyin qarşılığını adekvat görməlidir”.

A.Zeynalov