Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.
Yenicag.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, cari ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16 milyard 52,1 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2 milyard 297,8 milyon manat (16,7 faiz) çox icra edilib. Hesabat dövründə icrası təmin edilmiş xərclər cari ilin dövlət büdcəsi xərclərinin 43,7 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz bəndi çoxdur.
Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsi xərclərinin 9 milyard 833,8 milyon manatı və ya 61,3 faizi cari xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 115 milyon manat və ya 1,2 faiz çox), 4 milyard 948 milyon manatı və ya 30,8 faizi əsaslı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 1034,3 milyon manat və ya 26,4 faiz çox), 1 milyard 270,3 milyon manatı və ya 7,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 839,5 milyon manat və ya 2,9 dəfə çox) yönəldilib.
Yanvar-iyun aylarında funksional təsnifata uyğun olaraq dövlət büdcəsinin təhsil xərcləri 131,5 faiz icra edilməklə 2 milyard 239,1 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 126,9 faiz icra edilməklə 3 milyard 47,6 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 123,1 faiz icra edilməklə 2 milyard 91,5 milyon manat, kənd təsərrüfatı xərcləri 119 faiz icra edilməklə 491 milyon manat, səhiyyə xərcləri 114,7 faiz icra edilməklə 803 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 105 faiz icra edilməklə 1 milyard 161 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 134,6 faiz icra edilməklə 2 milyard 428,4 milyon manat, iqtisadi fəaliyyət xərcləri 99,7 faiz icra edilməklə 2 milyard 904,8 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 92,9 faiz icra edilməklə 199,8 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 90,9 faiz icra edilməklə 128,2 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 86,4 faiz icra edilməklə 450 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 78,4 faiz icra edilməklə 107,7 milyon manat təşkil edib.
Altı ayda sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 3 milyard 825 milyon manat vəsaitin 51,1 faizi və ya 1 milyard 953,5 milyon manatı istifadə olunub.
Bu ilin ilk altı ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 42,9 faizi və ya 1 milyard 64,9 milyon manatı ayrılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 306,2 milyon manat və ya 40,4 faiz çoxdur.