Dövlət Komitəsi ilə FHN-in bata bilmədiyi “Səfalı”nı kim himayə edir? – Ticarət Mərkəzi qanunlara meydan oxuyur – FOTOLAR

Müvafiq dövlət qurumları “Səfalı Ticarət Mərkəzi” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Bakının Xətai rayonu ərazisində apardığı qanunsuz tikintiyə müdaxilə edə bilmir.

Məlumata görə, Bakı şəhər Şəhərsalma və Memarlıq Baş İdarəsi tərəfindən 10 may 2023-cü il tarixdə digər dövlət qurumuna ünvanlanan sənəddə tikilmiş qeyri-yaşayış obyektinin arxa fasadının dam hissəsində layihədə öz əksini tapmayan hasar inşa edildiyi qeyd olunub.

Bakı şəhər Şəhərsalma və Memarlıq Baş İdarəsi bu məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə rəsmi müraciət də göndərib. Lakin müraciətin göndərilməsindən uzun müddət keçsə də, adıçəkilən instansiya tərəfindən sözügedən qanunsuz tikili ilə bağlı heç bir tədbir görülməyib.

Çox maraqlıdır ki, haqqında danışılan tikili ilə bağlı Fövqaladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də rəy verib. Həmin rəydə də “Səfalı Ticarət Mərkəzi” ASC tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinin dam hissəsində layihədə öz əksini tapmayan tikili artırıldığı bildirilib.

Agentlik 2023-cü ilin fevral ayının 8-də tərtib etdiyi sənəddə bu pozuntunun aradan qaldırılması üçün podratçı təşkilata 30 gün müddət verib. Lakin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin verdiyi qərardan 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, sözügedən hasar hələ də qalmaqdadır.

Bildirilir ki, Xətai rayonu, Məhəmməd Hadi 58 ünvanında fəaliyyət göstərən “Səfalı Ticarət Mərkəzi” ASC-nin qanuni təmsilçisi Tağıyev Fateh Əfqan oğludur.

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

COP29