Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq edib

cfbc504178ca33f9ac416db20151f323Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, dünyanın bütün konflikt zonalarında olan qaçqın və məcburi köçkünlərdən fərqli olaraq ölkədə bu kateqoriyadan olan insanlara ölkə prezidenti tərəfindən daimi yüksək diqqət və qayğı göstərilir.

“Təəssüflər olsun ki, bəzi məcburi köçkünlər bu cür diqqət və qayğıdan sui-istifadə edirlər. Xüsusən belə hallar yeni salınmış qəsəbələrə köçürülmə zamanı daha çox özünü göstərir. Belə ki, bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalara mütəmadi müraciət edərək onlara yeni mənzillərin verilməsini təkidlə tələb ediblər.

Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyən olunub. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər.

“Dövlətqaçqınkom” bu qəbildən olan məcburi köçkünlərə bir daha xəbərdarlıq edir ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr, yaxud təhvil verməsələr, onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər bərpa ediləcək”(APA)