Dövlət Komitəsi və YAP birgə tədbir keçirib

15682633_10211963480625359_131470715_nDini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: milli-mənəvi dəyərlərimizin qorunması və multikultural dəyərlər” mövzusunda konfrans keçirilib.

Komitədən Yeniçağ.az-a verilən məlumata görə, konfransda çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov tədbirin məqsədlərindən, ölkəmizin multikultural dəyərlərindən, dini icmalara göstərilən dövlət qayğısının əhəmiyyətindən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin bütün istiqamətlərdə olduğu kimi, dövlət-din sahəsində də həyata keçirdiyi siyasət əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır. O deyib ki, Prezident İlham Əliyevin dövlət-din, milli-mənəvi dəyərlərin qorunması siyasətinin əsasını Azərbaycançılıq ideologiyası təşkil edir. İslam bizim milli məfkurəmizin, ideologiyamızın, milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Milli-mənəvi dəyərlər dedikdə həm də İslamdan qaynaqlanan, kökü İslama bağlı olan dəyərlər nəzərdə tutulur. İslam bizim üçün təkcə din deyil, eyni zamanda, mədəniyyət, mənəviyyat deməkdir. Azərbaycanın başqa xalqlardan, ölkələrdən fərqləndirən cəhətlərindən biri odur ki, biz din dedikdə bütün dini konfesiyaları nəzərdə tuturuq.

Qeyd edilib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanda və dünyada dini və tarixi abidələrin bərpası istiqamətində mühüm layihələr reallaşdırıb.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycan dünyaya multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsində mükəmməl nümunə təqdim edir. Çünki cəmiyyətimizdə müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri birgə yaşayır və fəaliyyət göstərirlər. O deyib ki, ölkəmizdə mövcud olan yüksək multikultural, tolerant dəyərlər Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.

Azərbaycanın dünyada söz, nüfuz sahibi olduğunu deyən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurulla bildirib ki, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda digər dinlərə və mədəniyyətlərə dözümlü münasibət həyat tərzinə çevrilib. Ölkəmizdə müxtəlif millətlərin, dini konfessiyaların birgə yaşaması nadir nümunədir. Biz uzun illərdir birgə yaşayırıq. Bu bizim sərvətimiz və nemətimizdir. Müasir dövrdə də ölkəmizdə bu zəngin ənənə qorunub saxlanılaraq uğurla davam etdirilir.

Yeniçağ.az

COP29