Dövlət Komitəsində kollegiya iclası keçirilib – Fotolar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda Dövlət Komitəsinin 2017-ci ildə ailə, qadın və uşaq siyasəti üzrə gördüyü işlər müzakirə olunub.

Kollegiya iclasında çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi üzərində iş aparılır: “Məişət zorakılığının qarşısının alınması sahəsində böyük işlər görülüb, lakin bu məsələ hələ də bizi narahat edir. 2015-ci ildən məişət zorakılığı ilə bağlı onlayn məlumat bazasının yaradılması istiqamətində pilot layihə həyata keçirilib. Xüsusilə gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün daha effektiv mexanizmlərin yaradılmasına və sistemli işlərin aparılmasına ehtiyac var”.

Dövlət Komitəsinin sədri uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının yaradıldığını da diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova hesabat məruzəsi ilə çıxış edib.

Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov isə çıxışında qeyd edib ki, Azərbaycan hökuməti ailələrin, uşaqların, qadınların rifahının yüksəldilməsini daim nəzarətdə saxlayır: “Lakin qarşımızda öz həllini gözləyən problemlər qalmaqdadır. Kütləvi informasiya vasitələrində intiharlar, qadınlara, uşaqlara, valideynlərə şiddət barədə məlumatlara rast gəlirik. Bu qəbildən olan xəbərlər bizim adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə ziddir”.

Kollegiya iclası çıxışlarla davam etdirilib.

Sonda Dövlət Komitəsinin 2017-ci il üzrə illik hesabatı qəbul olunub.