Dövlət məmuru bazara xidməti maşınla gedib

2012_Mercedes_S550_868_v1

Hansı məmurlar xidməti maşından şəxsi işləri üçün istifadə edirlər?

 Bu gün məmurların, vəzifə sahiblərinin bir qismi dəbdbəli həyat tərzi keçirir, bahalı xidməti avtomobillərdə gəzir, özləri, ailə üzvləri, eləcə də yaxınları xarici ölkələrdə lyuks otellərdə istirahət edirlər. Bir sözlə, bəzi məmurlar sözün həqiqi mənasında kef çəkirlər. Onların xidməti avtomobillərdən istifadə etmələrinə nə biz, nə də bir başqası irad tuta bilər. Çünki həmin nəqliyyat vasitələri məhz dövlət tərəfindən onların xidmətinə verilib. Məhz elə bu səbəbdən də həmin nəqliyyat vasitələri xidməti avtomobil adlandırılır.

Odur ki, xidməti avtomobillər vəzifəli şəxslərə öhdəliklərinə düşən xidməti işlərin yerinə yetirilməsi üçün verilir. Bir müddət bundan öncə sözügedən məsələ ilə bağlı araşdırma aparan anspress qeyd edir ki, müşahidələr xidməti nəqliyyat vasitələrindən şəxsi məqsədlər üçün də istifadə olunduğunu göstərir. Məsələn, məktəblərə uşaqların aparılıb-gətirilməsində, alış-veriş zamanı, gəzinti, əyləncə və s. Hər halda belə deməyə məktəblərin, mağaza, dükanların qarşısında adam gözləyən AA seriyasından olan xidməti maşınlar əsas verir. Müvafiq qanunvericilik isə xidməti avtomobillərin şəxsi məqsədlər üçün istifadəsini qadağan edir. Elə Nazirlər Kabinetinin bununla bağlı qərarına əsasən xidməti nəqliyyat vasitələrinin təyinatı qeyd edilib və bu təyinata görə xidməti avtomobillərə ay ərzində limit təyin olunub. Bu limitə əsasən aylıq yürüş həddi, yəni getdikləri məsafə minik avtmobilləri üçün – 2000, yük avtomobilləri 1500, avtobuslar 1500, xüsusi təyinatlı avtonəqliyyat vasitələri (təcili tibbi yardım və yanğınsöndürən avtomobillərdən başqa) 1500, qonaqlara xidmət edən minik avtomobilləri 1000, motosiklet və motoreller üçün 500 kilometr təyin edilib.

 

Dogru.tv bildirir ki, əgər ay ərzində xidməti avtomobil bu limiti keçirsə, demək nəqliyyat vasitəsindən şəxsi məqsədlər üçün istifadə edilir. Bunun qarşısını almaq üçün isə mütləq ölkə ərazisində xidməti maşınların hərəkət sistemini tənzimləyən qurumlar olmalıdır. Necə ki, belə qurumlar qonşu respublikalarda var.

 

Bu arada, iqtisadçi ekspertlər bildirirlər ki, xidməti avtomobillər üçün mühərrikin gücünə görə yanacaq limiti də müəyyənləşdirilir. Maraqlı məqam ondadır ki, hazırda istifadədə olan xidməti avtomobillərin sayı qanunvericilikdə icazə verilən miqdardan çoxdur. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən Xarici İşlər Nazirliyinə – 24, Kənd Təsərrüfatı Nazirliyinə – 22, Təhsil Nazirliyinə – 70, Səhiyyə Nazirliyinə – 8, Mədəniyyət və Turizm Nazirliyinə – 71, Rabitə və Yüksək İnformasiya Texnologiyaları Nazirliyinə – 4, İqtisadi İnkişaf Nazirliyinə – 18, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə – 4 , Maliyyə Nazirliyinə – 83 xidməti avtmobil düşməlidir ki, bunun da ümumi cəmi 1200 edir. Lakin bu gün dövriyyədə olan xidməti maşinlarin sayi 4000 mindən çoxdur…

 

Məlumat üçün qeyd edək ki, beynəlxalq təcrübədə məmurların xidməti avtomobillərlə təchizatı müəyyən qanunla tənzimlənir. Belə ki, qonşu Gürcüstanda heç bir məmur 15 min avro dəyərindən yuxarı xidməti avtomobildən istifadə edə bilməz. Estoniyada isə məmurların xidməti avtomobilləri xüsusi şirkətlərdən kirayələnir və bunun müqabilində həmin şirkətə ildə 6500-7000 avro dəyərində vəsait köçürülür. Bu da 5 illik istismar müddəti bitəndən sonra həmin avtomobilin satılması problemini yaratmır. Qardaş Türkiyədə də büdcə zərfi ildə bir dəfə parlamentə təqdim olunarkən orada alınacaq avtomobillərin sayı və qiyməti öz əksini tapır. Bu da şəffaflıq baxımından irəliyə atılmış addımdır. Bir sıra ölkələrdə, məsələn, Yaponiyada təbiəti mühafizə etmək üçün nazirlər xidməti maşınlardan yox, velosipeddən istifadə edir.

 

Hələ bir müddət öncə sözügedən məsələ ilə bağlı araşdırma aparan İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi müəyyənləşdirib ki, Azərbaycanda vəzifəli şəxslərin xidməti avtomobillərinin qiyməti 80 mindən 200 min avroyadək dəyişir. Beləliklə, 2006-cı ildən 2011-ci ilədək xidməti avtomobillərin alınmasına dövlət büdcəsindən 400 milyon manat vəsait xərclənib. Bu isə bir daha onu təsdiqləyir ki, məmurların xidməti maşınları həddən artıq bahalı markalardır. Lakin qonşu ölkələrdə bu məsələ ilə bağlı ciddi prosedurlar həyata keçirilir. Məsələn, Rusiyada xidməti avtomobillər yalnız yerli istehsal olmalıdır. Əslində biz də bu məsələdə Rusiya təcrübəsindən yararlana bilərik. Belə ki, vəzifəli şəxslər, ən azından orta məmurlar Naxçıvan Muxtar Respublikasında istehsal olunan minik avtomobillərindən xidməti maşın kimi yararlana bilərlər. Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl millət vəkili Qüdrət Həsənquliyev də bunanla bağlı parlamentdə maraqlı təklif irəli sürmüşdü. Belə ki, o, Naxçıvanda istehsal olunan avtomobillərin keyfiyyətsiz olmadığını vuğulamaqla yanaşı, həmin nəqliyyat vasitələrinin orta səviyyəli məmurlar üçün normal maşınlar olduğunu bildirib: «Biz Naxçıvanı minik avtomobillərinin istehsalı, Gəncəni isə yük avtomobilləri istehsalı mərkəzinə çevirə bilərik. Naxçıvanda istehsal edilən minik avtomobilləri ən azı orta məmurlar üçün xidməti maşın kimi alına bilər. Ola bilər yüksək çinli məmurlar üçün o avtomobillər kifayət eləməsin, amma orta səviyyəli məmurlar üçün normal maşınlardır». Əslində millət vəkilinin dediklərində haqq var. Bəzi məmurlar, vəzifə sahibləri bahalı xidməti avtomobilləri sırf şəxsi məqsədlər üçün ora-bura çapdıqlarına görə, onlara məhz Naxçıvanda istehsal olunan «NAZ LİFAN» avtomobilləri verilməlidir. Bəlkə onda həmin məmurlar dövlət malının qədir-qiymətini bilərlər…

COP29