!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir”

!Reklam – Yazi

9f489cffaf304b2ae99b5749c9c32e76“Biz xaricə də qaz ixrac edirik, amma ilk növbədə Azərbaycan əhalisini təmin etməliyik”

“Bu gün artıq Azərbaycanda 20-yə yaxın iri fermer təsərrüfatı fəaliyyət göstərir və bu təsərrüfatlarda məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan ən azı 2 dəfə yüksəkdir. Hektardan 50-60 sentner məhsul götürülür. Bax, budur yeni yanaşma və bizim siyasətimiz”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında sakinlərlə görüşü zamanı bildirib.

Dövlət başçısı bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edildiyini xatırladaraq, bol məhsul götürüldüyündən şad olduğunu bildirib: “Bu il kənd təsərrüfatı 7 faizdən çox artıb. Hər bir ölkə üçün ərzaq təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Biz Azərbaycanda bu məsələləri həll edirik. Çalışırıq ki, Azərbaycan öz ərzaq tələbatını 100 faiz səviyyəsində özü təmin etsin. Buna nail olmaq üçün bütün imkanlar var – torpaqlar, texnika, ondan sonra dövlət tərəfindən ayrılan vəsait. Subsidiyalar, gübrələr, yanacaq verilir. Eyni zamanda, “Aqrolizinq” xətti ilə texnika təmin edilir. Yəni, dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Fermerlər də bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin”.

Dövlət başçısı Azərbaycanın öz ərzaq təhlükəsizliyini yüz faiz səviyyəsində təmin edə biləcəyinə tam əmin olduğunu vurğulayıb: “Hesab edirəm, bu məqsədə çatmaq üçün bizə bir neçə il lazımdır. Çünki bizim düşündüyümüz siyasət, regionlara qoyulan investisiyalar, eyni zamanda, son vaxtlar aparılan islahatlar ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcək. Hesab edirəm ki, digər sahələrdə də eyni yanaşma olmalıdır, nəyi özümüz istehsal edə biliriksə istehsal etməliyik. Tikinti materialları, ərzaq məhsulları və sənayenin inkişafı da əlbəttə ki, daim diqqət mərkəzində olmalıdır”.

Cəlilabadda qazlaşdırmanın orta hesabla təxminən 40 faiz səviyyəsində olduğunu bildirən ölkə başçısı bunun çox aşağı səviyyə olduğunu qeyd edib: “Dövlət Neft Şirkətinə, onun qurumu olan “Azəriqaz”a tapşırıq veriləcək ki, burada qazlaşdırmanın sürəti artırılsın. Çünki biz indi çalışırıq ki, ölkə üzrə qazlaşdırmanı 95 faizə çatdıraq, çatdıracağıq da. Şəbəkələr qurulur, Azərbaycanda qaz istehsalı artır. Biz xaricə də qaz ixrac edirik, amma ilk növbədə Azərbaycan əhalisini təmin etməliyik. Belə olan halda, 40 faiz qazlaşdırma Cəlilabad üçün çox aşağı səviyyədir və əminəm ki, mənim sözlərimdən sonra bu sahədə işlər daha da sürətlə başlayacaq. Bir sözlə, insanlara lazım olan bütün məsələlər, layihələr icra edilir – içməli su, qazlaşdırma, elektrik enerjisi, kənd yolları, iş yerləri, sosial obyektlər, tibbi xidmət, təhsil. Əlbəttə ki, bütün bunlara nail olmaq üçün gərək iqtisadiyyatımız daha da sürətlə inkişaf etsin”.

Bu il Azərbaycan iqtisadiyyatının birinci yarımildə təxminən 6 faiz artdığını bildirən prezident İlham Əliyev dünya miqyasında bunun bəlkə də indiki dövrdə ən yüksək göstərici olduğunu vurğulayıb: “Qeyri-neft sektorumuz 9 faizdən çox artıb. Bu da ən yüksək göstəricidir. Baxmayaraq ki, bizim iqtisadiyyatımızın bir hissəsi neftlə, qazla bağlıdır və qiymətlər kəskin şəkildə aşağı düşüb və hələ düşməyə davam edir, biz heç bir sosial layihəni ixtisar etməmişik, əksinə sosial-iqtisadi infrastruktur layihələri icra edilir. Bax, bugünkü layihə bunun bariz nümunəsidir. Bu layihələr bütün ölkə üzrə aparılır. Kənd yollarının tikintisi ölkə üzrə geniş vüsət alıb, çünki buna böyük ehtiyac var. Bu sosial məsələdir, ilk növbədə, insanların rahatlığıdır və iqtisadi məsələdir, çünki kənd yolu olanda iş yeri də açılar, müəssisə də yaradılar, eyni zamanda, biz bir çox məsələləri də həll etmiş olarıq.

Ona görə, iqtisadi sahədə, yəni sosial və iqtisadi məsələlərin həlli üçün də kənd yollarının çox böyük əhəmiyyəti var.

Bizim əldə etdiyimiz uğurlar onu sübut edir ki, Azərbaycan sürətlə, inamla inkişaf edir, gələcəyimiz də daha yaxşı olacaq”(APA).

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv