Dövlət qulluğuna “MÜSABİQƏDƏNKƏNAR” QƏBUL: “Test mərhələsi şəffaf olsa da, müsahibə zamanı…”

“Dövlət qulluğunda əlçatanlığın təmin edilməsi üçün sosial statusundan asılı olmayaraq, heç kim daxili müsahibə yolu ilə işə götürülməməlidir”.

Bu fikirləri dövlət qulluğuna qəbul mərhələsində mövcud olan çatışmazlıqlar barədə danışan təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, təyinatlı rəhbər postları istisna olmaqla, dövlət qulluğu üzrə istənilən vəzifə üçün namizədlər test mərhələsindən keçməlidir.

“Ali təhsil müəssisləri məzunlarının çox az qismi dövlət qulluğunda işləməyə gəlirlər. Bunun əsas səbəbi dövlət qulluğu vakansiyalarının azlığı və dövlət qurumlarında müsahibə mərhələsi ilə bağlı kənar müdaxilələrin mövcudluğudur. Son illər dövlət qulluğuna qəbul kifayət qədər obyektiv keçirilsə də, dövlət orqanları tərəfindən verilən vakansiyalar yetərli deyil.

Biz imtahan verənlərlə işə qəbul edilənlərin sayı arasında çox ciddi bir fərq müşahidə edirik. Xüsusilə də, ali təhsil müəsissələrinin reytinqinə baxanda görürük ki, bir sıra ali təhsil müəssisələrinin məzunlarının dövlət qulluğuna qəbul olmaq üzrə göstəriciləri çox aşağıdır. İndiki dövrdə gənclər dövlət qulluğunda işə qəbula maraq göstərmirlər. Bunun əsas səbəbi dövlət qulluğuna qəbul imtahanlarının ikinci mərhələsində ciddi pozuntuların baş verməsidir.

Birinci, yəni test mərhələsi şəffaf olsa da, müsahibə mərhələsində obyektivliyin təmin olunması sual altındadır. Hansısa bir gənc müsahibə və müsabiqədən uğurla keçsə belə, sadəcə, stajor kimi işə qəbul edilir. Hətta staj müüddəti bitdikdən sonra da işə götürülmür. Lakin biz görürük ki, bir sıra nazirliklərdə öz yaxın qohumlarını, tanışlarını dövlət qulluğundan kənar vəzifəyə qəbul elətdirmək halları var.

Həmin şəxslər dövlət qulluğunda beş il müqavilə əsasında işlədikdən sonra test mərhələsindən azad edilir və daxili qaydada işə qəbul olunurlar. Bununla da hər hansı nazirlikdə qohum-əqraba anarxiyası yaranır. Dövlət qulluğunda əlçatanlığın təmin edilməsi üçün sosial statusundan asılı olmayaraq, heç kim daxili müsahibə yolu ilə işə götürülməməlidir.

Hər kəs mütləq şəkildə test mərhələsindən keçməlidir. Dövlət qulluğunun test mərhələsi namizədlərin qanunvericilik biliklərini yoxlayır. Hər bir dövlət qulluqçusunun qanunvericilik biliyi olmalıdır. Təyinatlı rəhbər postlar istisna olmaqla, dövlət qulluğu üzrə istənilən vəzifə üçün namizədlər mütləq test mərhələsindən keçməlidir”.

Nuray Məmmədzadə

COP29