Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı keçiriləcək

Fevralın 19-da dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

İnzibati vəzifələrin B növünə aid vəzifələr üzrə olan imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 533, BB qrupu üzrə 1466 olmaqla, ümumilikdə 1999 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

B növü imtahanının keçirilməsi üçün 8 bina, 151 zal, 8 ümumi imtahan rəhbəri, 22 imtahan rəhbəri, 196 nəzarətçi‑müəllim, 16 buraxılış rejimi əməkdaşı ayrılıb.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).