“Dövlət qulluğu haqqında” Qanuna görə, dövlət qulluğuna qəbulun birinci mərhələsi test üsulu ilə həyata keçirilir. İkinci mərhələdə isə Dövlət Qulluğu Komissiyası, vətəndaşın işə düzəlmək istədiyi müvafiq qurumun mütəxəssisi və müstəqil ekspertin iştirakı ilə video çəkilişlə müsahibəsi aparılır.
Yenicag.az xəbər verir ki, Azərbaycan cəmiyyətində dövlət qulluğuna qəbulla bağlı müxtəlif və birmənalı olmayan yanaşmalar mövcuddur. Dövlət qulluğuna qəbulun birinci mərhələsindən keçənlər əksərən ikinci mərhələni adlaya bilmirlər.
Qarşı tərəfdən aidiyyatı olmayan suallar verildiyini iddia edilir. Məhz buna görə də, bütövlükdə cəmiyyət, parlamentarilər, ekspertlər ikinci mərhələnin ləğvini təklif edirlər.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müsahibələrdə uğur qazanan şəxslərin müvafiq vəzifəyə təyini “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həyata keçirilir:
“Qanunun 28-ci maddəsinə əsasən bir vəzifə üzrə bir neçə şəxs müsahibədə uğur qazanıbsa, dövlət orqanı rəhbəri onlardan birini müvafiq vəzifəyə təyin etməlidir. Mərkəz dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibələrdə uğur qazanan şəxslərin, o cümlədən vakant vəzifə üzrə uğur qazanan tək namizədin müvafiq vəzifəyə təyin edilməsi məsələsini diqqətdə saxlayır. Mərkəzin fəaliyyəti dövründə ştatların ixtisarı halı istisna olmaqla vakant vəzifə üzrə müsabiqədən uğurla keçmiş, lakin həmin vakant vəzifəyə təyin edilməyən namizəd olmayıb”.
Rəsmi məlumata görə, 2018-2019-cu illər ərzində müsahibələrdə, o cümlədən müsabiqənin müsahibə mərhələsində və ümumi müsahibələrdə iştirak edərək uğur qazanan, müvafiq dövlət qulluğu vəzifəsinə təyin edilən şəxslərin sayı 2145 nəfərdir:
“Həmin şəxslərdən 1710 nəfər müsabiqə, 435 nəfər ümumi müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilib. Dövlət qulluğuna qəbul olunan şəxslərin 1659 nəfəri müsahibə üzrə iddia etdiyi vəzifəyə, 486 nəfər öz razılığı ilə iddia etdiyi vəzifəyə analoji olan digər dövlət qulluğu vəzifəsinə təyin edilib”.
Qeyd edilib ki, bir vəzifə üzrə bir neçə namizəd müsabiqədən uğurla keçdikdə, onlardan biri təyin olunur və vəzifəyə təyin edilməyən digər şəxslər həmin orqan üzrə ehtiyat kadrlar siyahısına daxil edilir:
“Həmin şəxslər iki il müddətində ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin edilir. Bildiririk ki, 2018-2019-cu illər ərzində ehtiyat kadrlar siyahısından dövlət qulluğu vəzifələrinə təyin edilən şəxslərin sayı 271 nəfərdir”.
Şəxslərin müddətli əmək müqaviləsi əsasında dövlət qulluğu vəzifələrinə təyin edilməsi məsələsinə gəldikdə, sorğuda bildirilib ki, Mərkəz tərəfindən Dövlət Qulluqçularının Reyestri Elektron Sistemi vasitəsi ilə dövlət orqanlarında vakant olan inzibati dövlət qulluğu vəzifələri mütəmadi öyrənilir:
“Vakant dövlət qulluğu vəzifələri barədə Mərkəzə məlumatın verilməməsi halları müəyyən edildikdə qanunvericiliyə uyğun olaraq tədbirlər görülür, o cümlədən həmin vəzifələrin tutulması barədə müvafiq qərarın verilməsi təmin edilir.
Əlavə olaraq qeyd edək ki, dim.gov.az saytı vasitəsilə daim ictimaiyyət üçün həm maarifləndirici, həm də statistik məlumatlar paylaşılır. Saytın “Dövlət qulluğu” bölməsində “dövlət qulluğuna qəbul”, “dövlət qulluğuna qəbul üzrə hesabatlar”, “ehtiyat kadrlar”, “sertifikat əldə etmiş namizədlər”, “test imtahanı proqramları”, “müsahibə elanları və vakant vəzifələr üzrə axtarış”, “müsahibə elanları” və s. altbölmələr yaradılıb və burada dövlət qulluğu ilə bağlı istənilən məlumatı əldə etmək olar”.