Dövlət qulluqçularının peşə bayramı qeyd edildi – FOTO

23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri Xiyabana gedərək xalqımızın Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib.

23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilib.

Yenicag.az xəbər verir ki, tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açaraq dövlət qulluqçularını təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. O bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılıb. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olub. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlayıb. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir.

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramının təsis edildiyini qeyd edilərək, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğu, bu gün respublikamızda dövlət idarəetmə sistemində islahatların uğurla davam etdirildiyi bildirilib.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar. Mənəvi saflıq, vicdanlılıq və təmənnasızlıq dövlət qulluğunda əsas meyarlardır.

Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanla təltif olunub.