“Dövlət şirkətlərinin gəlirlə işləməmələrinin əsas səbəblərindən biri…” – ŞƏRH

“Heç kəsə sirr deyil ki, Azərbaycanın dövlət şirkətləri nəinki gəlirlə işləmirlər, hətta büdcəyə yükdürlər”.

Bu fikirləri bir sıra dövlət şirkətlərinin Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilməsinin səbələrini və mümkün nəticələrini dəyərləndirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçının fikrincə, dövlət şirkətlərinin gəlirlə işləməmələrinin əsas səbəblərindən biri onların öz funksiyalarına daxil olmayan kənar fəaliyyətlə məşğul olmalarıdır:

“Ümumimmətlə, bir məqam mütləq nəzərə alınmalıdır ki, prezidentin Azərbaycan İnvestisiya Holdinqini təsis etməsində əsas məqsəd dövlətin bütün kommersiya qurumlarının həmin strukturun tərkibinə verilməsidir. Yəni burada söhbət sırf kommersiya qurumlarından, pul qazanan, mənfəət götürən dövlət şirkətlərindən gedir.

O baxımdan, o dövlət şirkətləri İnvestisiya Holdinqinin tərkibinə verilməklə, onların vahid qayda və standartlar əsasında idarə edilməsi təmin olunmalıdır. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanın dövlət şirkətləri nəinki gəlirlə işləmirlər, hətta büdcəyə yükdürlər.

Həmin şirkətlərlə yanaşı, dövlətə məxsus olan Beynəlxalq Bank, Azər-Türk Bank və Sığorta Şirkəti də dövlətə gəlir gətirmək əvəzinə, büdcədən yardım alırlar. Onların İnvestisiya Holdinqinə verilməsində məqsəd nəzərdə tutulan şirkətlərlə yanaşı, bu bankların da nəhayət, gəlirlə işləmələrini təmin etməkdir. Yeri gəlmişkən, dövlət şirkətlərinin gəlirlə işləməmələrinin əsas səbəblərindən biri onların öz funksiyalarına daxil olmayan kənar fəaliyyətlə məşğul olmalarıdır.

Digər tərəfdən, dövlət şirkətlərinin İnvestisiya Holdinqinin tərkibinə tədricən verilməsi də səbəbsiz deyil. Aydın məsələdir ki, hamısının birdən-birə Holdinqin tərkibinə verilməsi onların idarə olunmasında problem yarada bilər.

O baxımdan, dövlət şirkətlərinin fəaliyyətini optimallaşdırmaq üçün onların İnvestisiya Holdinqinə verilməsi doğru addımdır. Bununla həmin şirkətlərin gəlirlə işləmələri, eyni zamanda, son nəticədə özəlləşdirilmələri lazımdır. İnvestisiya Holdinqinin bu işin öhdəsindən gəlib-gəlməyəcəyini isə gələcək göstərəcək”.

A.Zeynalov