Dövlət Taxıl Fondunda saxlanılan taxılın saxlanma müddəti taxılın məhsul ilindən etibarən 24 aydan artıq ola bilməz.
Yenicag.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, Dövlət Sifarişçisi tərəfindən saxlanma müddəti başa çatmamış taxılın keyfiyyətli və təhlükəsiz saxlanmasını təmin etmək məqsədilə həmin məhsulun müvafiq hissəsi yenidən işlənilə (qurudula, zərərsizləşdirilə, soyudula və təmizlənə) bilər.
Qərara əsasən, Fonddan taxılın istifadəsi istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək, habelə ölkənin taxıl ilə təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda taxıl məhsulları üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə həyata keçiriləcək.
Həmçinin, Fonddan taxılın istifadə üçün buraxılması (satılması) taxılın bazar qiymətinə əsasən həyata keçirilir. Bu zaman taxılın tədarük qiymətlərindən aşağı qiymətə satılmaması üçün onun qiymətinin ölkədaxili bazar qiymətləri konyunkturası nəzərə alınmaqla saxlanılmasına cəhd ediləcək.