Bakı Dövlət Yol Polis İdarəsinin (BDYPİ) “Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində baş verənlər heç bir çərçivəyə sığmır.
Yenicag.az-a müraciət edən onlarla vətəndaşın əsas şikayəti BDYPİ-nin qeyd olunan ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində baş alıb gedən qanunsuzluqlar barəsindədir.
Şikayətçilər bildirirlər ki, idarədə hər hansı xidmət üçün ödəniləcək dövlət rüsumunu xatırlatmaq oranın əməkdaşları tərəfindən istehzalı gülüşlə qarşılanır. Vətəndaşlardan dövlət rüsumu əvəzinə alınan pulların məbləği isə xidmətdən asılı olaraq, dəyişir. İdarədə növbə gözləməkdən və qəbul zamanı üzləşdikləri süründürməçilikdən bezənlərin köməyinə isə maklerlər çatır – onlar idarənin qarşısında hazır dayanıblar.
Şikayətçilərin söylədiklərinə əsasən, idarədə rəsmi iş vaxtı 18:00-da başa çatsa da, əməkdaşlar saat 20:00, hətta 21:00-a qədər oranı tərk etmirlər. Təbii, iş vaxtından sonra bu qədər çox “işləməyə” səbəb vətəndaşlara xidmət göstərmək yox, daha çox qazanc əldə etməkdir.
Vətəndaşların bizə edilən şikayətlərinin nə dərəcədə əsaslı olduğunu müəyyənləşdirmək üçün BDYPİ-nin “Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsinə yollandıq. “Avtomobilimizi dövlət qeydiyyatına aldırmaq” adı ilə idarəyə keçmək istəsək də, müvafiq sənədlərimiz olmadığı üçün bu cəhdimiz baş tutmadı. “İdarəyə sənədlə gəlmək lazımdır” cavabı ilə bizi qapıdan geri qaytardılar.
Təəssüf hissi ilə ərazini tərk etməyə hazırlaşdığımız vaxt idarənin əməkdaşlarından biri bizə yaxınlaşaraq, birbaşa mətləbə keçdi:
– Maşının ili neçədir?
Olmayan maşınımızın ilini “2013” deyə bildiririk.
– Motoru neçədir?
Bu dəfə daha arxayınlıqla motorun “2” olduğunu deyirik.
Cavabımızı eşidən əməkdaş həmin göstəricilərə malik avtomobil üçün 250-300 manat xərcimizin çıxacağını söyləyir. Qeyri-ixtiyari soruşuruq:
– Bəs dövlət rüsumu nə qədərdir?
Qeydiyyat-imtahan şöbəsinin əməkdaşı gülərək, sualımıza ironik sualla cavab verir:
– Dövlət rüsumu? Dövlət rüsumu üçün başqa qeydiyyat idarələrinə gedin.
Əməkdaş bildirir ki, adi vətəndaşların xaricdən maşın gətirmələri mənasız işdir. Onlar gəlib gömrükdə, burada o qədər bezirlər ki, həyata nifrət edirlər. Şirkətlər, bir də bəzi alverçilər bu işdə ustadırlar. “Yol”u yaxşı bilirlər. Adi vətəndaşın maşını xaricdən deyil, elə ölkə daxilində alması onlar üçün daha sərfəlidir.
Qeydiyyat-imtahanşöbəsininbizə “yazılmamış qaydaları başa salan” əməkdaşıxəbərdarlıq etməyi də unutmur:
– Görürəm naşısız, qeydiyyat üçün azı 200 manatınızı alacaqlar. Burada isə cəmi 200-250 manatınız çıxacaq. Ancaq gömrükdə çıxacaq xərcin yanında bu nədir ki?
Bizimlə sövdələşən DYP əməkdaşı burada həmin işlərə baxan əsas fiqurun Afiyyədin Leysanov adlı şəxs olduğunu deyir:
– Maşın gələn kimi, sənədləri götürüb gəlin onun yanına, həll edəcək. Tanışlığınız olsa, daha da ucuz edəcək. Maşın xaricdən gəlib çıxan kimi cibinizdə ən azı 200 manatla gəlin.
BDYPİ-nin qeydiyyat-imtahan şöbəsinin qarşısında müşahidə apararkən “naşı” olduğumuzun fərqinə varan bir neçə makler də bizə yaxınlaşır. Onlar avtomobilin qeydiyyat məsələsinin həlli üçün 300 manat istəyirlər. “Niyə 300 manat” sualına isə konkret cavab alırıq:
– Orada zəhləniz tökülənə qədər, bizim əlaqəmiz var, gedib tez həll edərik.
Belə. BDYPİ-nin qeydiyyat-imtahan şöbəsinin qarşısı sözün əsl mənasında “açıq bazar”ı xatırladır. İdarənin əməkdaşları və yuxarıda bəhs olunan maklerlər vətəndaşların timsalında “müştəri ovu”na çıxıblar.
Soyulanlar həyətdə, soyanlar isə kabinetlərdə hazır dayanıblar…