Dövlətin Beynəlxalq Banka axıdılan milyardları: “Borclar bağlanmasa, özəlləşdirilməyəcək” – İqtisadçı
Bu günlərdə İngiltərənin paytaxtı Londonda Beynəlxalq Bankla (BB) bağlı görüş keçirilib. Həmin görüşdə Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov və Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı iştirak edib. Buradan görünür ki, BB-nin xarici borc məsələsi çox ciddiləşib. Məlumatlara görə, bankın 3 milyard dollaradək xarici borcu yaranıb. Eyni zamanda, Samir Şərifov bildirib ki, Beynəlxalq Bank 2018-dən tez özəlləşdirilməyəcək.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli bildirdi ki, BB-nin xarici borclarının ödənilməsi məsələsi sözün həqiqi mənasında ciddi xarakter alıb. Onun nəticəsidir ki, hökumət son iki rüb ərzində BB-nin xarici borcunun ödənilməsinə dövlət büdcəsinin Ehtiyat Fondunun yarıdan çoxunu xərcləyib:
“Son zamanlar Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində ciddi addımların atıldığını müşahidə edirik. Son iki rüb ərzində dövlət büdcəsindəki Ehtiyat Fondundan ayrılan xərcləmələrinin yarıdan çoxu məhz BB-nin sağlamlaşdırılmasına sərf edilib. Belədə Ehtiyat Fondunun artıq 80 faizə qədəri xərclənib. BB-nin sağlamlaşdırılması proqramı çərçivəsində həmçinin xarici borcların ödənilməsi məsələsi də nəzərdə tutulub. Düşünürəm ki, bu məsələ bir il ərzində aradan qaldırılası məsələ deyil. Hazırkı dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər bu ilin sonuna qədər BB-nin sağlamlaşdırılması üçün yetərli sayılmayacaq. Görülən tədbirlərə əsasən düşünürəm ki, hökumət BB sağlamlaşdırılması, onun bütün borclarının qaytarılmasında israrlıdır.
Son zamanlar bank rəhbərliyinin tez-tez dəyişdirilməsi də məhz bu səbəbdəndir. Fikrimcə, gələn il ərzində dövlətin hədəfi dəyişməsə bankın bütün borclarının qapadılması prosesi baş tutacaq. BB səhmlərinin yarıdan çoxu dövlətə məxsus olmasa da, bilirsiniz ki, Azərbaycanda kapitalın böyük hissəsi əslində hökumət adamlarının əlində cəmləşib. Ölkəmizdə əksər məmurlar həm də əslində sahibkardırlar. Hökumət BB-nin sağlamlaşdırılması prosesinə getməklə sözsüz ki, düzgün addım atıb. Amma BB-nin üzərində bu qədər əsməyə də dəyməz. Azərbaycan xalqının yaşaması üçün nəzərdə tutulan büdcədən iki rüb ərzində 70 milyon dollara yaxın vəsaitin əksər səhmləri özəl olan bankın sağlamlaşdırılmasına yönəldilməsi qətiyyən doğru addım deyil. BB-nin 2018-ci ildən tez özəlləşdirilməyəcəyinin elan edilməsi əslində o deməkdir ki, prosesi ləngidirlər. Ona görə ki, bank indidən tamamilə özəlləşdiriləcəksə, artıq onun sağlamlaşdırılması üçün dövlət vəsaitinin xərclənməsi qeyri-qanuni hesab olunacaq. Deməli, hökumət əvvəlcə BB-ni sağlamlaşdırmağı və yalnız bundan sonra onun özəlləşdirilməsinə getməyi nəzərdə tutur. Özəlləşdirilmə zamanı həmin bankın aksiyalarının dövlətə məxsus hissəsinə kimlərin sahib olacağı da təxminən bəllidir”.
ELÇİN
Yenicag.az