“SOCAR-a və onun bəzi strukturlarına böyük həcmdə dövlət vəsaitinin ayrılması təbiidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün Milli Məclisdə qəbul edilmiş 2018-ci il dövlət büdcəsinə dəyişiklikləri dəyərləndirən sabiq millət vəkili, iqtisadçı Əli Əlirzayev deyib.
Professorun fikrincə, dövlət büdcəsinə edilmiş dəyişikliklər optimal sayıla bilər:
“Ümumiyyətlə, neftin qiymətinin bahalaşması ilə bağlı gəlirlərin artması şəraitində zəruri sahələr üzrə xərclərin artması təbiidir. Yəni neftin bahalaşması nəticəsində Neft Fonduna daxil olan vəsaitlərin həcmi çoxalır və oradan da dövlət büdcəsinə transferlər edilir. Büdcəyə transfer olunan həmin vəsaitlər isə müxtəlif sahələrə yönəldilir.
Bu sırada əmək haqlarını, sosial müdafiə xərclərini və sair göstərə bilərik. Qeyd edim ki, onsuz da hər ilin bu dövründə dövlət büdcəsinə yenidən baxılır, müəyyən dəyişikliklər edilir. Bu il də istisna olmadı.
Büdcəyə edilmiş dəyişikliklərdən sonra əlavə xərclər üçün ayrılmış vəsaitin böyük hissəsinin SOCAR-a və onun bəzi strukturlarına ayrılmasında qeyri-adi heç nə yoxdur.
Yəni SOCAR gəlir gətirən bir qurumdur və müəyyən layihələrin həyata keçirilməsi üçün oraya əlavə vəsaitlərin yatırılması lazımdır. Eyni zamanda, infrastruktur layihələrinin reallaşdırılmasına da ciddi vəsaitlər tələb olunduğundan, buna normal yanaşmalıyıq.
Bu məsələyə həm də başqa aspektdən yanaşmalıyıq. Unutmayaq, dövlətin özünün də kommersiya mənafeləri var. Yəni dövlət daha çox gəlir gətirən sahələrə kapital qoymaqda maraqlıdır”.
A.Zeynalov