Dövlətin milyonlar xərclədiyi AVTOVAĞZAL:  Özü boş, ətrafında şıdırğı “alver” – VİDEO

Bir müddət əvvəl Bakı-Mingəçevir xətti ilə hərəkətdə olan iritutumlu avtobusun sürücüsü Qaradağ rayonu ərazisində olan stasionar postda saxlanılan zaman narkotik vasitələrin təsiri altında olduğu müəyyən olundu. Sürücü barəsində müvafiq qaydada tədbir görüldü.
Bəs bu sürücülər reysqabağı tibbi müayinədən keçirlərmi? Həmin sürücü diqqətdən necə yayınmışdı?

Avtosfer.az məsələni araşdırmaq üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə üz tutub.

İlkin müşahidələr zamanı vəziyyətin heç də ürəkaçan olmadığı görünüb. Çünki avtovağzal ərazisindən kənarda fəaliyyət göstərən mikroavtobuslar, taksilər kifayət qədər idi. Hətta iritutumlu avtobuslar da avtovağzaldan kənarda sərnişin yığıb yola çıxır.

Yolun hərəkət hissəsini zəbt edən bu nəqliyyat vasitələri sərnişin daşımaqla məşğuldur. Amma heç bir qanun-qayda onlar üçün keçərli deyil. Avtovağzalın ərazisində isə sakitlik hökm sürürdü. Avtobuslar öz hərəkət qrafiki ilə gedir, amma istifadə edən sərnişinlər azlıq təşkil edirdi.

Avtovağzalın ətrafındakı vəziyyətə nəzarət etməli olan Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi əməkdaşları gözə dəymir. Görünəndə də sanki bu xaotik vəziyyəti görmürlər. Hansı ki, ikinci cərgədə, səkidə, dayanma-durma qadağan olunan yerlərdə onlarla avtomobil var ki, onlar digər hərəkət iştirakçılarına ciddi problem yaradırlar.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətininin əməkdaşı Günay Əliyeva deyir ki, narkotikə görə postda saxlanılan sürücü avtovağzal ərazisindən çıxmayıb. Çünki burada bütün sürücülər reysqabağı tibbi müayinədən keçir.

Tibbi müəyinə otağında da çəkiliş aparılıb.

Hər şey normal qaydasında gedirdi. Sürücülər gəlir, onların qan təzyiqi yoxlanılır, bədən istiliyi ölçülür, müvafiq alkoqol testindən keçirilir və bütün bunlar qeydiyyat dəftərinə işlənilir. Sürücüyə üzərində müvafiq marka və möhür olan yol vərəqi təqdim edilir.
Eyni zamanda sürücülərdən narkoloji dispanserdən müvafiq arayışlar da tələb edilir. Amma hələlik avtovağzal ərazisində sürücüləri narkoloji testdən keçirmək üçün müvafiq imkan yoxdur. Yaxın gələcəkdə bunu da həyata keçirməyi planlaşdırırlar.

Müşahidələr zamanı o da görünüb ki, hər bir səliqə-səhmanı olan, bütün parametrlərə cavab verən kompleks qismən işlək vəziyyətdədir. Səbəb isə çox sadədir. Qanunsuz fəaliyyət göstərən sürücülərə qarşı mübarizə tədbirlərinin olmaması. Təbii ki, bunu avtovağzal rəhbərliyi edə bilmir. Bununla polis və BNA orqanları məşğul olur. Amma…

Dəfələrlə müraciət olunub ki, taksi və mikroavtobus sürücüləri avtovağzal ərazisindən istifadə etsinlər. Burada sürücüləri əlavə xərcə salacaq vəsaitlər də cüzi miqdardadır. Amma xaos hələ də davam etməkdədir. Yəni, fərqlənmə nişanı alaraq daşımaya görə cüzi faiz ödəməklə normal sərnişindaşıma xidməti göstərəcəklər.
İnsanlar özləri seçim etməlidir. Eyni zamanda, müvafiq qurumlar da hərəkətə keçməlidir. Dövlət milyonlarla vəsait xərcləyib avtovağzallar inşa edir, orada beynəlxalq standarlara uyğun şərait yaradır. Amma kimlərsə deyəsən bu komplekslərin normal işləməsində maraqlı deyil…