“Dövlətin siyasi partiyalar seqmentinə çəki-düzən verməsinin zamanıdır, amma…” – ŞƏRH

“Ölkədə qeydiyyatdan keçən altmışa yaxın partiya olsa da, əminəm ki, onların mütləq əksəriyyəti öz sədrindən və onun qovluğundan ibarətdir”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin əsas müddəalarına münasibət bildirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, ölkədəki partiyaların böyük əksəriyyətinin mövcudluğu statistik xarakter daşıyır:

“Sözün düzü, həmin qanun layihəsi ilə tam tanış olmasam da, bu istiqamətdə başlayan ictimai müzakirələrə əsasən müəyyən fikir bildirmək mümkündür.

İlk növbədə, bunu deyə bilərəm ki, mövcud şəraitdə dövlətin siyasi partiyalar seqmentinə bir çəki-düzən verməsinin zamanı idi. O baxımdan, siyasi partiyalar haqqında qanunun yenilənməsi labüddür.

Bununla belə, gedən müzakirələrdə müşahidə olunur ki, yeni layihənin bəzi müddəaları birmənalı qarşılanmayıb və mübahisələrə yol açıb.

Onların sırasında, ilk növbədə, qeydiyyat üçün tələb olunan üzvlərin sayı ilə partiyaların yaradılmasına yönəlik şərtləri qeyd etmək olar.

Partiyaların üzvlərinin sayı üçün müəyyənləşdirilən minimum həddin son dərəcə yüksək olduğu bildirilir və o cümlədən partiyaların yaradılması ilə bağlı ölkə ərazisində iyirmi il fasizləsiz yaşayan iki yüz nəfərin birgə təşəbbüsə qatılmaları istənilir.

Təsəvvür edin, Azərbaycanda prezident seçilmək istəyən şəxsin ölkə ərazisində on il fasiləsiz yaşaması tələb olunduğu halda, partiya quruculuğu üçün bu tələb xeyli sərtləşdirilib və dediyim kimi, mübahisələr doğurub.

Digər tərəfdən, siyasi partiyalar haqqında qanunun yenilənməsi zəruridir. Çünki ölkədə qeydiyyatdan keçən altmışa yaxın partiya olsa da, əminəm ki, onların mütləq əksəriyyəti öz sədrindən və onun qovluğundan ibarətdir.

Azərbaycanda, dünyada bu qədər mühüm hadisələr baş varir, amma bizdəki partiyaların doxsan faizinin həmin olaylara hər hansı formada reaksiya verdiklərini, münasibət bildirdiklərini görmürük. Bu da onların tam fəaliyyətsiz olduqları anlamına gəlir. Ona görə də bu seqmentin nizama salınması vacibdir”.

A.Zeynalov