“Dövlətin startap layihələrinə ən böyük dəstəyi bu ola bilər ki…” – Natiq Cəfərli

“Bakıda təşkil olunan “StartupFest 2019” festivalı Azərbaycandakı xarici investorlar və şirkətlərin marağına səbəb ola bilər”.

Bakıda 21-26 noyabr tarixində ilk dəfə olaraq, “StartupFest 2019” adlı beynəlxalq festival keçirilib. Festival Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən təşkil olunub.

Festivalda müxtəlif spikerlər startaplar və innovasiyalar mövzusunda çıxış ediblər. Qeyd edək ki, bu festival 600-dən çox mövzuda 2 milyondan artıq sahibkarları birləşdirən, maarifləndirən və ruhlandıran ən böyük müstəqil startup cəmiyyətidir.

Yenicag.az-a açıqlamasında Azərbaycanda keçirilən “StartupFest 2019″ festivalının əhəmiyyətindən danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, ölkəmizdə belə tədbirlərin təşkil olunması müsbət qiymətləndirilməlidir:

“Startap dünyada çox geniş yayılmış yeni biznes növüdür. Startaplarda əsasən, gənc insanlar irəli sürdükləri ideyaların reallaşdırılması üçün sponsor və ya investor axtarırlar.

Azərbaycanda bu cür festivalın keçirilməsi müsbət haldır. Çünki startap ideyaları bir qayda olaraq, gələcək üçün nəzərdə tutulur. Bu festival ölkəmizdə olan xarici investorlar və şirkətlərin marağına səbəb ola bilər.

Startap layihələri həm də gəlir gətirən biznes növüdür. Dövlətin bu işə ciddi dəstək göstərməsinə ehtiyac yoxdur. Bu məsələdə dövlətin edə biləcəyi yeganə dəstək investisiyalara çıxış imkanlarını sadələşdirmək, gömrük və vergi siyasətinin startap ideyalarına dəstəkləyici istiqamətdə dizayn etmək ola bilər”.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinə də toxunan iqtisadçının sözlərinə görə, bu qurumun özünəməxsus plan və strategiyasının olması uğurlu nəticələr üçün ciddi zəmindir:

“Yeni yaradılan Dövlət Agentliyi öz fəaliyyətini ictimaiyyətlə bölüşsə, daha yaxşı olar. Eyni zamanda, Agentliyin öz fəaliyyət poqramına mütəxəssisləri cəlb edərək, “dəyirmi masa”lar keçirməsi də məqsədəuyğun olar. Ümid edirəm ki, bu Dövlət Agentliyi normal iş planı və “yol xəritəsi” tərtib edəcək”.

Gülşən Şərif