Dövlətin Strateji ehtiyyatlarının MÜHAFİZƏSİ: “Siyahıya su ehtiyatları və başqa məhsulların daxil edilməsi…”
“Ölkəmizin böyük dövlətlərin maraqlarının kəsişdiyi çox strateji coğrafiyada yerləşdiyini unutmamalıyıq”.
Bu fikirləri ölkənin strateji ərzaq ehtiyatlarının qorunması və onlardan istifadə məsələlərini dəyərləndirən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan böyük dövlətlərin maraqlarının kəsişdiyi coğrafiyada yerləşdiyindən, dövlətin strateji ehtiyatları təminat altında olmalıdır:
“Dövlət ehtiyatlarının idarə olunması ilə bağlı məsələ xüsusi əhəmiyyət daşıyır. Azərbaycan postmüharibə dövründə olsa da, savaş riskinin mümkünlüyünü nəzərdən qaçırmamalıyıq. Eyni zamanda, ölkəmizin böyük dövlətlərin maraqlarının kəsişdiyi çox strateji coğrafiyada yerləşdiyini də unutmamalıyıq.
Bu səbəbdən, dövlət ehtiyatları hər zaman təminat altında olmalıdır. Strateji məhsullara gəldikdə isə, düzdür, bununla bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilən müvafiq siyahı mövcuddur. Ancaq fikrimcə, o siyahıya su ehtiyatlarının da daxil edilməsi labüddür.
Ümumiyyətlə, vurğulanan strateji məhsulların siyahısına müəyyən korrektələr edilməsinə ehtiyac olduğunu düşünürəm. Yaxşı olardı ki, uyğun qanuna bir neçə zəruri əlavələr edilsin. Özəlliklə, təbii fəlakət və ya fövqəladə hal, eləcə də müharibə dövrü şəraitinə aid nüansların qanunvericiliyə daxil edilməsi yerinə düşərdi”.
Yusif Səmədzadə