“Son vaxtlar baş verənlər Azərbaycana qarşı təzyiqin birinci mərhələsidir, bölgədə maraqları olan dövlətlər dayanmayacaq, Azərbaycan adekvat addımlar atmalıdır”.
Bu sözləri Qarabağ ətrafında böyük dövlətlərin qurduğu oyunlara toxunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.
Elşad Musayev bildirib ki, regionumuz böyük güclərin burada təmsil olunmaq uğrunda mübarizə meydanına çevrilib:
“Hər bir dövlətin öz istəyi və maraqları var. Rusiya bu bölgədən çəkilmək istəmir və bütün variantları ilə manevrlər edərək mövcudluğunu qoruyub saxlamaq istəyir. Rusiya illər öncədən çalışırdı ki, bölgəyə qoşununu yerləşdirsin. Buna nail olublar və çıxmaq istəmirlər. Ruslar bölgədən çıxmaq niyyətində deyil. Biz bunu bilirik. Zaman-zaman da erməniləri müdafiə ediblər. Ermənistan da həmişə buna güvənib. Azərbaycan ordusu sərt üzünü göstərən kimi erməni tərəfi dərhal geri çəkilib.
Fransızların islam düşmənçiliyi var. Eyni zamanda erməni sevgisi var və erməni lobbisinin onlara təsiri var. Fransızlar Rusiyanın zəifliyindən istifadə edib bölgədə təmsil olunmaq istəyirlər. Zamanında fransızlar dünyanın 50-dən çox ölkəsini işğal ediblər. İndinin özündə də sömürgəçiliklə məşğuldurlar. Fransa soyqırım törətmiş vəhşi bir dövlətdir. Onlar da ermənilərdən istifadə edib bölgədə təmsil olunmaq istəyirlər.
İranın ayrı maraqları var. İran bir tərəfdən istəmir ki, nəqliyyat xətləri başqa ölkələrin ərazisindən keçsin. Türkiyədən orta Asiyaya getmək üçün gərək İran ərazisindən gedəsən. Eyni zamanda, perspektivdə Azərbaycan inkişaf etdikcə cənubdakı soydaşlarımız da ayağa qalxacaq və müəyyən istəkləri olacaq. Eyni zamanda, İran bizim ərazini öz ərazisi hesab edir. Hər bir dövlətin öz istəyi var.
ABŞ həm bölgədə təmsil olunmaq istəyir, həm də Rusiyanı sıxışdırıb buradan çıxarmaq istəyir. Bunun uğrunda mübarizə gedir. Azərbaycanın da öz arzu istəkləri var. Biz də istəklərimizi yerinə yetirmək üçün ardıcıl həmlələr etməliyik.
Azərbaycana basqılar olacağını demişdim. Hesab edirəm ki, bu basqının birinci mərhələsidir. Bir addım geri çəkilmədik. Baş verənlərə cavab olaraq da adekvat addımlar atmaq lazımdır.
Azərbaycan hökumətinə çoxlu sayda təkliflər vermişəm. Təkliflərdən biri odur ki, Əlcazairdəki soyqırımı tanımalıyıq. Parlamentin qərarı olmalıdır. Korsika adaları var, onların öz müqəddaratını həll etməsi üçün bunu hüquqi baxımdan tanımalıyıq. İranla bağlı adekvat tədbirlərdən biri odur ki, İsrailin Zəngilanda, Cəbrayılda konsulluğu açılsın. Biz bunları etməliyik. Qazax Rayon İcra Hakimiyyəti insanları mitinqə çağırmalı, tələb edilməlidir ki, ərazilərimizi ermənilər boşaltsın. Görüləsi çox işlər var. Telekanalları açırsan Zaur, Elgiz, Xoşqədəm. Bunları yığışdırıb düzgün informasiya siyasəti aparmaq lazımdır”.
Səxavət Məmməd