DSMF-yə ödənişlərin əməkhaqqına bağlı olması: “Bu, ədələtsizlik və məntiqsizlikdir” – ŞƏRH

“DSMF-yə ödənişlərin minimum əməkhaqqına bağlılığı mütləq qanundan çıxarılmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu 2022-ci ilin yanvar ayının 1-dən minimum əmək haqqının 250 manatdan 300 manata qaldırılmasını dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçıya görə, minimum əmək haqqının artırılması pozitiv məsələ olsa da, bir ciddi problem var. Belə ki, VÖEN-lə çalışan fiziki şəxslərin DSMF-yə ödənişləri qanunla minimum əməkhaqqına bağlıdır:

“Tikintidə çalışan fiziki şəxslər minimum əməkhaqqının 50%-ni, digər sahələrdə çalışanlar isə 25%-i Dövlət Sosial Müdafiə Fonduna ödəməlidir. Bu gün ödənişlər 125 və 62,5 manat təşkil edir. Yanvar ayından ödənişlər tikinti və ticarətdə işləyənlər üçün 150 manata, digər sahələrdə çalışanlar üçün isə 75 manata qaldırılacaq. DSMF-yə ödənişlərin minimum əməkhaqqına bağlanması qanundan çıxarılmalı, hesablama formulları dəyişməlidir. Çünki ödənişlərin minimum əməkhaqqına qanunla bağlı olması ciddi problemlər yaradır.

Təsəvvür edin ki, fiziki şəxs tikinti ilə məşğuldur və ay ərzində təxmini 300 manatlıq dövriyyəsi olub. Həmin şəxs 300 manatdan 5% vergi və 150 manat DSMF-yə ödəniş etməlidir. Yəni, 165 manat dövlətə pul ödəməlidir, özünə 135 manat qalacaq. Bu, ədələtsizlik olmaqla yanaşı, həm də məntiqsizlikdir. Elə bir mexanizm hazırlanmalıdır ki, ödənişin minimum məbləği icbari olsun. Kim istəsə, öz arzusu ilə daha çox ödəyə bilər ki, gələcəkdə daha çox təqaüd almağa imkanı olsun. Paralel olaraq özəl təqaüd fondlarının yaranmasının qarşısında duran qanuni və institutsional əngəllər aradan qaldırılmalıdır və vətəndaşa müqavilə sərbəstliyi verilməlidir. Ümumiyyətlə, əmək müqavilələri ilə çalışanların DSMF-yə ödəniş qaydaları ölkədə “kölgə” iqtisadiyyatının, “qara əmək bazarının” yaranmasının əsas səbəbidir”.

Gülşən Şərif