Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nuriyev Kənan Hafiz oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.
Yenicag.az xəbər verir ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.
Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
*** 13:17
Noyabr ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açaraq özünə xəsarət yetirib.
Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, hərbi qulluqçuya ilkin tibbi yardım göstərildikdən dərhal sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, oradan isə Gəncə Mərkəzi Klinikasına köçürülüb, müalicəsinə ixtisaslaşmış və peşəkar həkimlər cəlb olunub. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.