DSX-nin hərbçisi ürəktutmadan vəfat etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi ürəktutmadan vəfat edib.

Bu barədə Yenicag.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, dekabr ayının 14-də saat 12:30-da DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ələkbərli Miran Qamət oğlu xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşib.

Hərbi qulluqçuya intensiv tibbi yardım göstərilərək dərhal Zəngilan rayon Ağalı kənd xəstəxanasına çatdırılıb. Həkimlərin ciddi səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin rəyə əsasən, hərbi qulluqçunun ürəktutmasından vəfat etdiyi ehtimal olunur. Hazırda əsgər Miran Ələkbərlinin ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.

Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.

“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, – məlumatda qeyd edilib.