DTX yüksək vəzifəli məmurları rüşvətə görə saxladı

Gürcüstanın Borjomi bələdiyyəsinin rəhbəri Levan Lipartiya və Şəhər Şurasının sədri Giorgi Qoqiçaşvili rüşvət alma faktına görə saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, şura sədri sahibkardan xüsusi icazənin verilməsi üçün 200 min lari məbləğində rüşvət tələb edib və ilkin olaraq 20 min lari alıb.

Həmçinin müəyyən olunub ki, Borjomi bələdiyyəsinin rəhbəri Bakurianidə qanunsuz tikintinin müdafiəsi üçün həmin sahibkardan 10 500 lari məbləğində rüşvət tələb edib və ilkin olaraq 8 min lari alıb. Məmurun dostu bu faktı bilsə də, cinayət barədə aidiyyəti qurumlara məlumat verməyib. Həmin şəxs də saxlanılıb.

Faktla bağlı xüsusilə böyük məbləğdə rüşvət alma maddəsi üzrə istintaq aparılır. Məmurları 7 ildən 15 ilədək, faktı gizlədən şəxsi isə 3 ildən 7 ilədək həbs cəzası gözləyir./Report/

COP29