“Dünya ağalığına iddia edən ölkələr var olduqca terrorun kökü kəsilməyəcək” – Sabir Rüstəmxanlı

“Türkiyənin bu istiqamətdə gördüyü davamlı tədbirlər sayəsində ölkə ərazisində terror xeyli zəiflədilib”.

Bu fikirləri Türkiyənin antiterror tədbirləri çərçivəsində Suriya və İraqın şimalında başladığı hava hərəkatının ardınca quru əməliyyatlarına başlamaq ehtimalını dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Türkiyənin onu təhdid edən terrora qarşı davamlı mübarizəsinə baxmayaraq, terrorun kökünü kəsmək hələ ki mümkün olmur:

“Həqiqətən, terror insanlığın böyük bir bəlasıdır. Dünən bir filosofun əsərini oxuyarkən orada belə bir fikrə rast gəldim: “Elə şeylər var ki, onun kökü heç vaxt kəsilmir”. Min illərdir, müxtəlif öldürücü xəstəliklər mövcuddur, amma insan yenə varlığını davam etdirir. Baxın, gündə bir silah icad olunur, öldürmək, məhv etmək üçün yeni vasitələr tapılır.

Terror da bu qismə aiddir. Dünya ağalığına iddia edən ölkələr var olduqca terrorun kökü kəsilməyəcək. O baxımdan, terror, sadəcə, Türkiyə hüdudlarında deyil ki… Terrorun bir ucu Amerikaya, Fransaya, başqa ölkələrə də uzanır. Ona görə də terrorla mübarizə səngiməyəcək.

Eyni zamanda, Türkiyə də onu təhdid edən terrorla savaşır və savaşacaq. Ancaq bütün bunlara baxmayaraq, terrorun kökü hələ ki kəsilmir. Lakin Türkiyənin bu istiqamətdə gördüyü davamlı tədbirlər sayəsində ölkə ərazisində terror xeyli zəiflədilib. Yəni son beş-altı ildə terror artıq əvvəlki kimi at oynada bilmir.

Digər tərəfdən, hansısa ölkə Türkiyənin yeni başladığı hava əməliyyatlarına qarşı çıxmır. Çünki terror beynəlxalq miqyasda qəbul olunmayan bir haldır. Türkiyənin hava əməliyyatları ilə yanaşı, Suriya ilə İraqın şimalında quru əməliyyatı keçirmək haqqı da var. Buna qədər hava əməliyyatları nəticəsində də kifayət qədər ciddi işlər görülüb və terror ocaqları geniş mənada dağıdılıb”.

A.Zeynalov