Dünya Bankından Azərbaycan hökumətinə “SİQNAL”: “Körpü tikintisi ilə iş bitmir, təhsil və səhiyyədə…”

“İmkanı çatanlar tək müalicə üçün deyil, təhsil almaq üçün də xarici ölkələri seçirlər”.

Bu sözləri Dünya Bankının Azərbaycandakı meneceri Ştefani Ştalmeysterin hökumətin daha çox sosial infrastruktura diqqət ayırdığı haqda fikrinə münasibət bildirən iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Dünya Bankı nümayəndəsinin dilə gətirdiyi bu problemlər hökumət üçün siqnal olmalıdır:

“Əslində, bu fikir obyektiv yanaşmadan irəli gəlir. Ştalmeyster qeyd edir ki, nəqliyyatı inkişaf etdirdiyiniz halda, təhsil və səhiyyədə də çox ciddi problemlər mövcuddur. Ölkədə təhsilin inkişafı dedikdə, sanki binanın təmiri, partaların dəyişdirilməsi başa düşülür. Düzdür, burada da ciddi problemlər var, Azərbaycanın bəzi ucqar yerlərində elə təmirsiz məktəblər var ki, orada necə dərs keçirilir, çox maraqlıdır.

Azərbaycan hökuməti Dünya Bankı təmsilçisinin bu fikirlərinə diqqətlə yanaşmalıdır. Səhiyyənin inkişafdan qalması vətəndaşın məcburiyyətdən Türkiyə, İran, İsrail, Almaniya kimi ölkələrə üz tutmasına səbəb olur. Ancaq yol, körpü tikintisi ilə iş bitmir. Cəmiyyətin inkişafı üçün digər vacib addımlar da atılmalıdır.

Təhsil sahəsində yaşanan problemlər, əsasən, ciddi kadr çatışmazlığı ilə əlaqədardır. İmkanı çatanlar tək müalicə üçün deyil, təhsil almaq üçün də xarici ölkələri seçirlər. Təbii, Azərbaycan insanı xaricdə təhsil almalıdır. Lakin ümumilikdə təhsilin səviyyəsinin aşağı olması gələcəyimiz, iqtisadi məhsuldarlıq və ixtisaslı kadrların yetişdirilməsi baxımından, ciddi problemdir.

Məktəbləri demək olar ki, repetitorluq əvəz edir. Ona görə də, əhalinin məktəbə heç bir etimadı qalmayıb. Valideynlər ən geci 5-ci sinifdən sonra övladlarını repetitor yanına göndərirlər. Sanki Təhsil Nazirliyi də bu reallıqla barışdığı üçün problemin həllinə səy göstərmir. Hesab edirəm ki, bu məsələlər Dünya Bankının nümayəndəsi tərəfindən deyilməsəydi də, bizə aydın idi. Amma bu qeydlərin birbaşa hökumətə ünvanlanması bir növ siqnal olmalıdır”.

Yusif Səmədzadə

COP29