Dünya birliyinə inteqrasiyanın ideya əsasını təşkil edən İDEOLOGİYA: “Heydər Əliyev bunu ustalıqla, peşəkarcasına bacarırdı”

Ötən il Prezident İlham Əliyevin fərmanı ilə 2023-cü ilin “Heydər Əliyev ili” olmasıyla bağlı qərar qəbul edildi. Bundan əlavə, keçən il Heydər Əliyev irsinin öyrənilməsi, onun ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkədə baş verən hərc-mərcliyin aradan qaldırılması və onun sayəsində Azərbaycançılıq ideologiyasının necə geniş vüsət almasıyla bağlı bir çox tədbirlərin keçirildiyinin də şahidi olduq.

Sözsüz ki, azərbaycançılıq ideologiyası deyiləndə bu termin Heydər Əliyevin adı ilə hallanır. Ona görə ki, onun sayəsində 90-cı illərdəki siyasi mühit bir xeyli dəyişmiş, ölkədə sakitlik hökm sürmüş, millətin bərabərliyi üçün bir neçə addımlar atılmışdı.
Heydər Əliyev fenomeninin Azərbaycan üçün önəmindən nə qədər danışsaq, azdır. Ümummilli Liderin fəaliyyəti, Azərbaycanı Qarabağ müharibəsinin ən qanlı-qadalı illərində tək qoymaması, xalqın ona məhəbbəti və rəğbətindən də nə qədər yazsaq, az olar.
Azərbaycançılıq ideologiyası Ümummilli lider Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda, azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir hadisədir. Azərbaycançılıq ideologiyası ümumi sosial identifikasiyamız və ortaq dəyərlərimizi müəyyənləşdirir. Bu isə çox vacib məsələdir.

Həmçinin, azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə, xalqın vahid bir ideya ətrafında mənəvi birliyinə nail olunmasında Prezident İlham Əliyevin isə xüsusi xidmətləri var. Məhz İlham Əliyev sayəsində milli-mənəvi və bəşəri dəyərlər artıq azərbaycançılıq ideologiyasının özəyini, onun əsas təməl prinsiplərini təşkil etməkdədir. Azərbaycançılıq ümumbəşəri dəyərlərdən yetərincə bəhrələnməklə bərabər, öz milli mentallığını qoruyub saxlamaqdadır.

Bu il isə Ulu Öndərin hakimiyyətə gəlməsindən 55 il keçdi. Azərbaycanın intibah və işıq yolunu Heydər Əliyevlə seçməsindən söz açan Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Yenicag.az-a bildirib ki, Ulu Öndər Heydər Əliyev 1969-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (Az.KP MK) birinci katibi təyin olunandan sonra milliləşmə xətti güclənməyə başladı.

“Bu respublikanın bütün sahələrində də özünü göstərirdi. Hələ Sovet Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri olarkən xüsusi xidmət orqanlarında azərbaycanlıların işə qəbulu prosesi sürətlənməyə başladı. O zaman bu sahədə başqa millətlər çoxluq təşkil edirdi. Heydər Əliyev uzaqgörənliklə bu işin öhdəsindən uğurlu gəldi. O bilirdi ki, xüsusi xidmət orqanlarında üstünlüyü ələ almaq lazımdır. Çünki ora ölkənin bel sütunu sayılırdı, əsas informasiya oradan göndərilirdi. Bununla yanaşı, hərbi sahədə də Ümummilli Lider möhtəşəm addım atdı. Onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılışı gələcəkdə milli zabitlərimizin yetişməsində əvəzsiz rol oynadı”.

E. Eltürk xatırladıb ki, milli kadrların hazırlanması da onun diqqət mərkəzində idi:

“Bütün strukturlarda Azərbaycan dilinin güclənməsi prosesi müşahidə olunurdu. Nəzərə alaq ki, Azərbaycan müstəqil deyildi, Sovetlər imperiyası kimi nəhəng maşının nəzarəti altında idi, lakin bunu etmək və reallaşdırmaq elə də asan məsələ deyildi. Heydər Əliyev isə bunu ustalıqla, peşəkarcasına bacarırdı. Həmçinin paytaxtda mikrorayonların salınması Bakı şəhərinin etnik tərkibinin dəyişməsinə gətirib çıxartdı. Eləcə də ziyalılarımıza dəyər verilməyə başladı, Sovetlərin sıxışdırdığı elm adamlarımıza mükafatlar verdi. Bununla da onları bir növ qorudu”.

“Bütün bu addımların fonunda azərbaycançılıq ideologiyası güclənirdi. Ədəbiyyat sahəsi də kənarda qalmadı. Görkəmli ədiblərimizin yubileylərinin təşkili, ədəbi mövzularda keçirilən tədbirlərin sayında da artım müşahidə olunurdu. Atılan addımlar ölkədə milli ruhun inkişafına səbəb olurdu, ziyalılar arasında milli düşüncə, ideologiya genişlənirdi.

1982-ci il bilavasitə Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan məqbərənin açılışı o zaman Azərbaycan ərazilərinə göz dikən separatçı erməni ziyalılarına və Qarabağa sahiblənmək istəyən ermənilərə yaxşı əsaslı cavab idi”. – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanmışdır.

Rafi Müslümov

COP29