Dünya bu qızdan danışır – İnanılmaz bacarıq – Video

unnamedQolları olmasa da, hər işi təkbaşına görə bilir.

Maşın təmir edir, ev yığışdırır, qab yuyur.

ARB TV-nin “Pəncərə” verilişində maraqlı sujet yayımlanıb.

29 yaşlı Tişa Şelton, ABŞ-ın Missuri ştatında yaşayır. Anadan qolsuz doğulub. Qolları olmadan yaşamağın nə demək olduğunu yəqin ki, təsəvvür edirik. Amma həm də təsəvvür edə bilmirik. Çünki həyatımızın bütün işlərini əlimiz-qolumuzla görürüksə, onların yoxluğunda insan nə edə bilər ki. Elə bu gənc xanım da bu suala cavab verə biləcək ən böyük nümunələrdən biridir.

Onun ayaqlarından biri digərindən balacadır. Amma onu həyatda saxlayan da sözün hər mənasında ayaqlarıdır. Yerimə funksiyasını daşıyan bu üzvlər Tişaya hər mənada əl-qol açmağa imkan yaradır. Güman ki, qolsuz doğulması səbəbindən onun ayaqları uzun illər ərzində bu cür funksionallaşıb. O, heyrətamiz işlər görür. Mətbəx işləri, yemək bişirmək, paltar yumaq və digər ev işləri Tişa üçün heç də çətinlik yaratmır. Adam çox soyuqqanlı şəkildə az qala hər işin öhdəsindən gəlir. Avtomobil təmir etməkdən tutmuş avtomobil idarə etməyə qədər.

Dəfələrlə dünya mediası ondan yazıb. İnsanlar heyran qalır. Bir insan qolları olmadan bu qədər işi necə bacara bilər axı. Tişa isə bu marağı görüb youtube portalında bir kanal açır. “Tişa qolsuz” adlanan kanalda o öz videolarını çəkir, sonra isə onları montaj edərək paylaşır. Bəli, düz eşitdiniz, montaj edərək paylaşır. Özü edir. Qolları olmadan edir bunu. Fantastik bacarıqdır.

Bu bacarığından pul qazanmaq məqsədilə Tişa iş elanlarına da baş vurub. Amma onu bu halda görüb bir çox hallarda onu işə götürməkdən imtina ediblər. Qolsuz xanım isə deyir ki, işə götürənlər ona etibar etmir, amma o, çox yaxşı qrafik dizaynerdir və işçi kimi ümidləri doğrulda bilər.

Tişa Şelton əyləncəsindən də qalmır. Dostları ilə görüşür, müxtəlif əyləncə məkanlarına gedir, istirahət edir. Bazarlığı isə heç kimə etibar eləmir. Deyir, ayağım hara, pulum da ora.

Sosial mediada 2 milyondan çox izləyicisi olan Tişa dünyada bu cür problemi olanlara, ümumiyyətlə fiziki məhdudiyyətli şəxslərə çox böyük nümunə və stimuldur.

Deməli, heç nə bitməyib. Deməli, təslim olmamalıyıq. Əgər sözün məcazi mənasında sənin əlin qolun bağlanıbsa, geri çəkilmə, başqa variantları işə sal. Mütləq alınacaq. Çünki cəhd olanda uğur da çox uzağa qaça bilmir.

Tişa öz ayaqlarıyla normal insanlardan seçilməyən həyat tərzi sürür. Qolları yoxdur. Amma bir idmançının qolunda olmayan güc onun iradəsində var.

Bu taleyi başqa cür də şərh etmək olar. Futbol dilində belə bir hesab var: Qolsuz heç-heçə. Amma Tişanın oyun hesabı fərqlidir: qolsuz qalibiyyət!