Dünya çempionu Türkiyəyə üz tutdu: “Ailəmlə birlikdə gedirəm”

Qazandığı uğurlarla Türkiyədə hamının sevgisini qazanmış azərbaycanlı ağır atlet Hafiz Süleymanov yenidən qardaş ölkəyə qayıdır. Yeniçağ.az-ın məlumatına görə ikiqat dünya və beş dəfə Avropa çempionu Türkiyədə Adana Böyükşəhər Bələdiyyəsi İdman dairəsində idman rəisi vəzifəsinə təyin edilib. Həmyerlimiz bu vəzifəyə bələdiyyə sədri Hüseyn Sözlü tərəfindən təyin edilib.

H.Süleymanovdan məsələ ilə bağlı məlumat almağa çalışdıq. Dünya və Avropa çempionu Yeniçağ.az-a yeni vəzifəsi və təyinatı barədə qısa açıqlama verdi:

“Yeni təyinatla bağlı Türkiyədə görüş keçirildi. Amma mən həmin vəzifəni İslamiadadan sonra icra edəcəm. Çünki bu yarışa tələbəm qatılacaq – Nastya İbrahimli. Mən onun yanında olmalıyam. Türkiyəyə ailəmlə birlikdə gedəcəm. Qalmağım üçün də hər bir şərait yaradılıb, evlə təmin edilmişəm. Hətta məşqlərin keçiriləcəyi idman zallarımız belə təmirə bağlanıb”.

Hafiz Süleymanov Rövşən Fətullayevi də İslam Həmrəylik Oyunlarına hazırlayır. Mütəxəssislər hər iki idmançının uğurlu çıxışına inanırlar.

Xatırladaq ki, o, 1989-cı ildə Türkiyəyə gedərək qardaş ölkənin bayrağı altında yarışlara qatılıb. Türkiyədə olarkən adı Hafız Süleymanoğlu kimi qeyd edilib. Azərbaycanlı idmançını Türkiyə prezidenti Turqut Özal özü şəxsən qarşılayıb.

Aygün İlqarqızı
Yeniçağ.az