Kikboksun WAKO versiyası üzrə Dünya çempionu, bir çox yarışların qalibi və mükafatçısı Elşad Ələsgərov növbəti döyüşə hazırlaşır. Yeniçağ.az-a danışan tanınmış idmançı bir çoxlarının onun ünvanına zarafatla “itkin düşüb” deməsinə də açıqlama gətirib:
“Əslində, nə yarışlardan, nə də məşqlərdən uzaqlaşmamışam. İşimin başındayam, sadəcə, mətbuatdan uzağam. Aprelin 12-də Qusarda keçirilən peşəkar döyüşün qalibi oldum.
Qarşıda isə bir neçə peşəkar döyüşlərimiz var. İyun ayında Türkiyədə yarışlarımız olmalıdır. Daha sonra oktyabrda kikboksun WAKO versiyası üzrə dünya çempionatı keçiriləcək. Hədəfimiz həmin yarışda qələbə qazanmaqdır. Bildiyiniz kimi kikboksun WAKO versiyasında Dünya və Avropa çempionatı bir ildənbir keçirilir. Sonuncu Avropa çempionatı Sloveniyada olmuşdu. Bu il isə həmin versiya üzrə Dünya çempionatı Braziliyada baş tutacaq”.
Dünya çempionu hakimlik etməsindən də danışıb:
“Hakimlik etdiyim yarış Azərbaycan birinciliyi idi. Ondan sonra hələ ki, heç bir turnirdə hakimlik etməmişəm”.
Aygün İlqarqızı
Yeniçağ.az