“Dünya gücləri ikili standartlar təcrübəsindən zamanında imtina etmiş olsaydı…” – Ülvi Quliyev yazır

Rusiya Müdafiə Nazirliyinin ölkəmizlə bağlı son iki bəyanatı onun göstəricisidir ki, şimal qonşumuzun xarici siyasətində müəyyən etdiyi prioritetlər dayanıqlı deyil, çox dəyişkəndir. Təəccüblənməyə dəyərmi? Dəyməz. Ukrayna məsələsində dünyanın böyük hissəsini öz üzərinə qaldıran Rusiyanın Müdafiə Nazirliyinin bəyanatları həm də o deməkdir ki, həmin qurumun açıqlaması dövlətin rəsmi mövqeyi və birinci şəxsinin imza atdığı bəyanatlarla ziddiyyət təşkil edir. Təəccüblənməyə dəyərmi? Dəyməz.

2020-ci il 10 noyabr tarixli üçtərəfli birgə Bəyanatda nəzərdə tutulub ki, Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərindən çıxarılmalıdır. Bu vəzifənin yerinə yetirilməsi məsuliyyəti məhz Rusiyanın üzərindədir. Müharibədən ötən 17 ay ərzində həmin öhdəlik hələ də yerinə yetirilməyib, ona görə də ermənilərin hərbi təxribatları və atəşkəsi mütəmadi şəkildə pozmaları səngimək bilmir. Rusiya rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. Yeri gəlmişkən, 22 fevral tarixli Moskva Bəyannaməsində də açıq şəkildə qeyd olunur ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına, müstəqilliyinə, dövlət suverenliyinə hörmət etmək məsuliyyətini qarşılıqlı şəkildə üzərlərinə götürürlər. Rusiya Müdafiə Nazirliyinin son iki bəyanatı həmin öhdəliyin məğzinə ziddir. Məhz bu səbəbdən, ölkəmizin Müdafiə Nazirliyinin cavab bəyanatında haqlı olaraq qeyd edilir ki, “Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Rusiya Müdafiə Nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir”.

Elə bu cür hörmətsiz davranış nümunələrinə görə, Rusiyanın qonşularına qarşı münasibətdə səmimiyyət dərəcəsi zaman-zaman suallar doğurur, bəyan etdiyi niyyətlərin saflığına şübhələr yaranır. Təəccüblənməyə dəyərmi? Dəyməz. Məsələn, Rusiyanın Ukraynaya qarşı üzdə görünən iradlarından biri “rus dünyası” adlı “ideoloji tapıntı” və ya rus dilinin qorunması ilə bağlıdır. Şimal qonşumuzun bu iddiasında nə dərəcədə haqlı olub-olmadığını qoyaq bir tərəfə. Ölkəmizdə rus dilinə və mədəniyyətinə göstərilən hörmətli münasibət Rusiyanın hakimiyyət orqanlarına yaxşı məlumdur və Azərbaycanın multikultural, tolerant reallığı çoxları üçün sirr deyil. Baxaq görək, riyakarlığı dövlət siyasətinin atributuna çevirən Ermənistandakı vəziyyət bizimlə eynidirmi? Deyəsən, orada cəmi iki-üç rus məktəbi var, onlar da rus hərbçi ailələrindən olan uşaqlar üçün nəzərdə tutulub. Bu misalı ona görə gətirdim ki, şimal qonşumuz öz coğrafi qonşularına münasibətdə əsl niyyətini, istək və gözləntilərini nə qədər pərdələməyə çalışsa da, bu, uğurlu alınmır. Necə deyərlər, “görünən dağa bələdçi gərək deyil”. Bir də ki, qara parçaya ağ saplardan vurulmuş ilmələr kənardan da yaxşı görünür. Əgər bu, belə deyilsə, başqa bir nəticə hasil olur: şimal qonşumuzun dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsində və ya dövlət idarəetməsində problemlər yaranıb. Bu da ki, az inandırıcıdır. Lakin bu cür davranış nümunələri davam etdirilərsə, cəmiyyətimizin onsuz da ehtiyatlı və tərəddüdlü olan gözləntilərinə əlavə kölgə salınacağı şübhə doğurmur.

Deyə bilərikmi ki, Qərbdəki bəzi tərəfdaşlarımız ölkəmizə qarşı münasibətlərində sonadək səmimidirlər və ədalətli yanaşma bütün məsələlərdə onların alternativsiz davranış meyarıdır? Təəssüf ki, bu da belə deyil. Martın 10-da Avropa Parlamenti tərəfindən ölkəmizə qarşı qəbul olunmuş qərəzli qətnamə buna sübutdur. Həmin sənəd guya Azərbaycan ərazisində ermənilərə məxsus olan tarixi-mədəni abidələrin dağıdılmasına etirazla bağlıdır. Əslində isə, bu qərar növbəti dəfə erməni təəssübkeşliyini ortaya qoyur, məlum dairələr həqiqətdə baş verməyən hadisəni gündəm etməyə çalışırlar. Baxmayaraq ki, işğal dövründə məhz erməni vandalları tərəfindən məscidlərimiz təhqir olunub, mədəni və tarixi irsimizə qarşı həqarət edilib, yaşayış məskənlərimiz yerlə yeksan olunub. 67 məscidimizdən 64-dü tamamilə dağıdılıb, qalanları isə yarıuçuq vəzityyətə salınıb. Vandallar hətta qəbirlərimizdə də goreşənliklə məşğul olublar. Erməni vandallığına etiraz etməyə qadir olmayan Avropa Parlamenti nədənsə, hansısa fobiyalar üzündən bütün bunları görmür və ya görmək istəmir. Necə ki, Avropanın bir çox ölkələri uydurma erməni soyqırımını tanıdıqları halda, ermənilər tərəfindən azərbaycanlılara qarşı məhz etnik zəmində törədilən, yaxın keçmişdə baş vermiş Xocalı soyqırımını hələ də tanımayıblar. Azərbaycan dövləti və Azərbaycan xalqı ikili standartlara və ədalətin təhrif olunmasına etiraz edərkən, həm də bu cür faktları nəzərdə tutur. Çox təəssüf ki, Avropa Parlamentinin bu qərarı ölkəmizin üzləşdiyi haqsızlığın və ikili standartların xırda bir epizodudur. Qərbdə bəzi dairələr hələ də qəbul etmirlər ki, Azərbaycan ərazisində erməni irsinin axtarışına çıxmaq, Alban məbədlərini erməni məbədi kimi qələmə vermək saxtakarlıqdan başqa bir şey deyil. Azərbaycanda erməni irsi heç vaxt olmayıb, onun axtarışına çıxmaq isə mənasız vaxt itkisidir, faydalılıq əmsalı da sıfıra bərabərdir. Ermənilər Qarabağa gəlmələrdir və ya hansısa xidmətlərinə görə gətirilib yerləşdirilənlərdir. Bir coğrafiyada separatçı hərəkətləri sərt şəkildə qınamaq və onun mümkünlüyünü istisna etmək, digərində, o cümlədən Azərbaycanda isə separatçılığı təşviq etməyin adı ayrı-seçkilikdən doğan riyakarlıqdır. Qafqaza sonradan gətizdirilmiş ermənilərin mifik irsi kimlərisə narahat edirsə, bu gəlmələr onların öz ölkələrində də var. Əgər bu sevgi onlarda bu qədər güclüdürsə, istəsələr, erməni irsini Kaliforniyada, Marseldə və ya Krasnodarda da tapa bilərlər.

Dünya gücləri ikili standartlar təcrübəsindən zamanında imtina etmiş olsaydı, beynəlxalq hüququ öz siyasi maraqlarının güdazına verməsəydi, dininə və dilinə görə ölkələr arasında ayrı-seçkilik etməsəydi, bu gün Ukrayna indiki vəziyyətlə üzləşməzdi, planetimiz üçüncü dünya müharibəsi təhlükəsinə bu qədər yaxınlaşmazdı. Uinston Çörçillin dəyərli bir kəlamı var: ”Həqiqət şalvarını geyənə qədər yalan düz dünyanı dolanar”. Görünən odur ki, əsrlər ötsə də, dünya hələ də dəyişməyib. Maraqlara xidmət edən yalanlar indi də at belindədir. Ona görə də təəccüblənməyə dəyməz.

Ser U.Çörçillin bu kəlamını da yada salmaqda fayda var: “Amerikalılar həmişə yeganə düzgün cavabı tapırlar… Bütün digər variantları yoxladıqdan sonra…”. Ümid edək ki, bu dəfə də belə olacaq, nə qədər gec deyil, yalanların ayaq tutmasına və ikili standartlara birdəfəlik son qoyulacaq, beynəlxalq hüquq siyasi maraqların önünə keçəcək. Bu, bəşər insanının arzuladığı, ümid etdiyi və görmək istədiyi dünya nizamıdır. Ölkəmiz üçün vacib olan budur ki, yalanların tüğyan etdiyi, maraq və iddiaların bəzən ədalətdən üstün tutulduğu bir vaxtda Azərbaycan hakimiyyəti, nə qədər çətin olsa da, öz dövlətini və öz xalqını bütün bu haqsızlıqlardan qoruya bilir. Dəyər verməli olduğumuz həqiqətlərdən biri də budur.

COP29