Dünya iqtisadiyyatının itirəcəyi 12 TRİLYON DOLLAR – Bu gedişat Azərbaycana nə vəd edir? – Professordan MÖVQE

“Yaranmış vəziyyət ölkə iqtisadiyyatında yeni idarəetmə modelinə keçidin vacibliyini diqtə edir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Beynəlxalq Valyuta Fondunun (BVF) dünya iqtisadiyyatının bu il və gələn il ərzində 12 trilyon dollar itirəcəyinə dair proqnozunu dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Elşad Məmmədova görə, BVF-nin qeyd olunan proqnozu üzrə itkilərin daha da artacağı istisna edilmir:

“Dünya iqtisadiyyatındakı böhran yalnız pandemiya ilə əlaqədar deyil. Dünya iqtisadiyyatında kapitalın effektliyinin və bugünə qədərki iqtisadi modelin öz səmərəliliyini kəskin şəkildə azaldan proseslər gedir.

Bu proseslərin fonunda mövcud olan iqtisadi model öz hegemonluğunu itirir. Belə olan halda dünya iqtisadiyyatının itkiləri son onilliklər ərzində hədsiz dərəcədə çox olacaq. Mövcud gedişatın Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcəyini əminliklə söyləmək olar”.

Dünya iqtisadiyyatındakı proseslərin Azərbaycana yönəlik mümkün təsirlərinə də toxunan professor hesab edir ki, ölkənin qazandığı neft dollarları artıq iqtisadi problemlərin həllində o qədər də effektli olmayacaq:

“Uzun illər ərzində dollar inflyasiyası ilə bağlı yeni texnoloji quruluşa keçid zamanı enerji daşıyıcılarının və bu sırada neftin qiyməti yüksək idi. Milli iqtisadiyyat neftin bahalığından müəyyən mənada faydalanırdı. Artıq bu proses sona çatmaq üzrədir.

Bu, ölkə iqtisadiyyatında yeni idarəetmə modelinə keçidin vacibliyini diqtə edir. Eyni zamanda, xarici iqtisadi siyasətdə ciddi korrektələrə ehtiyac var. İlk növbədə, qonşu dövlətlər və qeyri-neft sektoru üzrə ənənəvi tərəfdaşlarımızla iqtisadi inteqrasiya gücləndirilməlidir.

Bununla yanaşı, ölkə iqtisadiyyatı artıq xammal ixracatına söykənən model üzrə deyil, daxili iqtisadi resurslardan formalaşan iqtisadi idarəetmə modelinə keçməlidir. Nəticədə ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək mümkün olacaq”.

Gülşən Şərif

COP29