Dünya KİV-i: ABŞ ordusunu Əfqanıstandan çıxarmır?

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Amerika qoşunlarının Əfqanıstan ərazisindən çıxarılması qrafikinin mövcud olmadığını deyib.

Yenicag.az xəbər verir ki, “Son günlər “Taliban” hərəkatının bəzi vəzifəli şəxsləri ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması qrafikinin onlarda olduğunu iddia edirlər. Bu məsələyə aydınlıq gətirirəm: qoşunların çıxarılmasına dair heç bir qrafik mövcud deyil”, – deyə Xəlilzad bildirib.

Bir qədər əvvəl, fevralın 6-da “Taliban” hərəkatının nümayəndəsi Əbdül Hənəfi ABŞ-ın aprel ayının sonlarına qədər öz qoşunlarının yarısını Əfqanıstandan çıxarmağı vəd etdiyini, hərbi kontingentin ölkədən çıxarılması qrafikinin isə növbəti görüşlərdə müzakirə olunacağını demişdi. Onun sözlərinə görə, danışıqlarda ABŞ nümayəndələri ilə “Taliban” hərəkatı arasında bütün xarici qoşunların Əfqanıstandan çıxarılmasının vacibliyi və bu ölkənin Birləşmiş Ştatlara hücum üçün istifadə olunmayacağı barədə razılıq əldə olunub.

Yanvar ayında “Taliban” hərəkatı ilə Dohada keçirilən danışıqlarda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad “The New York Times” qəzetinə müsahibəsində sülh sazişi çərçivəsində tərəflər arasında prinsipial razılaşmaların əldə olunduğunu bildirmişdi. O, danışıqlar zamanı taliblərin terror qruplaşmalarını Əfqanıstan ərazisində gizlətməyəcəyi barədə təminat verdiyini və bunun ABŞ qoşunlarının ölkədən tam çıxarılması ilə nəticələnə biləcəyini demişdi.

Rəsmi məlumatlara əsasən, hazırda Əfqanıstanda 14 minə yaxın amerikalı hərbçi xidmət edir. Onlar hərbi əməliyyatlardan başqa, ölkənin güc strukturlarının hazırlığı ilə məşğul olur. Bundan əlavə, Əfqanıstanda NATO-ya üzv ölkələrin təxminən 16 min nəfərlik kontingenti də dislokasiya olunub./AZRTAC/

COP29