Dünya nüvə müharibəsi ilə üz-üzə: “Qərb tərəfi artıq bu məsələni çox ciddiyə alır”

“Rusiya tərəfi taktiki nüvə silahından istifadə edərək böyük bir radiasiya ərazisi formalaşdırmaqla bufer elementlərinin icrasını nəzərdən keçirə bilər. Bu məsələni Qərb tərəfi artıq çox ciddiyə alır”.

Bunu Rusiyanın işağl etdiyi bölgələrdə keçirdiyi referendumlar, Ukrayna tərəfinin daha da sürətli hücumlar etməsi və nüvə silahının istifadə edilməsi reallıqlarını şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

İlyas Hüseynov bildirib ki, nüvə silahından istifadə ehtimalı hər keçən gün daha da artır:

“Rusiya işğal etdiyi 4 vilayətin özünə birləşdirilməsi ilə bağlı referendum keçirdikdən sonra məsələnin böyük ölçüdə həll olunduğunu və müharibənin aqibətinin bitdiyini zənn edirdisə, Ukrayna tərəfi başqa düşüncədədir. Ordunun irəliləməsi, əks-hücum əməliyyatlarının həyata keçirilməsi həm də ordunun şəxsi heyəti arasında mənəvi-psixoloji ruhun daha da gücləndirilməsinə xidmət edir. Təbii ki, həm də iki tərəf arasında böyük informasiya müharibəsi gedir. Bu informasiya müharibəsində həm də Rusiya ordusunun uğursuzluqları daha çox tirajlanır.

Ukrayna ordusu Rusiya ordusunu tez-tez pusquya salır, qarşı tərəfə çoxlu sayda itkilər verir. Bunun nəticəsidir ki, Ukrayna Prezidenti Zelenski Putinlə görüşdən imtina edir. Fevral, mart aylarında Zelenski Putinlə görüş üçün çoxsaylı çağırışlar edirdi. Bu gün isə rollar da, mövqelər də dəyişib. Baxmayaraq ki, Ukrayna işğal altındadır və işğalın miqyası çox genişdir. Ancaq Ukrayna tərəfi proseslərin hərbi yolla həllində maraqlıdır. Rusiya tərəfi isə qismən səfərbərlik elan etməklə oranı müdafiə etmək istəyir.

Qlobal fonda baş verən proseslərə nəzər salanda görürük ki, nüvə təhdidləri getdikcə artmaqdadır. Taktiki nüvə silahından istifadə edilməsi ilə bağlı artıq çağırışlar çoxalıb. Hətta Rusiyanın hansı bölgəni taktiki nüvə silahı ilə vurması ilə bağlı da məlumatlar var. Bunlar nə qədər səthi məlumatlar olsa da, reallıq da ola bilər. Ona görə də, Rusiya tərəfi taktiki nüvə silahından istifadə etməklə böyük bir radiasiya ərazisi formalaşdırmaqla bufer elementlərinin icrasını nəzərdən keçirə bilər. Qərb tərəfi artıq bu məsələni çox ciddiyə alır.

Düşünürəm ki, nüvə təhdidi olduqca, böyük güclər də Ukraynanın arxasından çəkilə bilərlər. Eyni zamanda, ABŞ-nin Ukraynaya silah yardımını daha da genişləndirdiyini görürük. Bəşəriyyət artıq Soyuq müharibədən sonra nüvə müharibəsi ilə üz-üzədir. Mənə elə gəlir ki, bu təhlükə tarixdə bu qədər yüksək olmayıb”.

Səxavət Məmməd