Yaxın Şərqdə cərəyan edən proseslərə Türkiyənin də qoşulması gündəmdədir. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan sonra Türkiyənin hədəfdə olacağını vurğulayıb.
Müstəqil siyasətçi Zəlimxan Məmmədli yaranmış vəziyyətin təhlili və Türkiyənin Yaxın Şərqdəki rolu barədə Yenicag.az-a açıqlama verib.
Zəlimxan Məmmədlinin sözlərinə görə, Qərbin Türkiyə ilə layihələri baş tutmadı.
“Türkiyə SSRİ dağılandan Qərbin bəzi dairələri tərəfindən hədəfə götürülüb. “Böyük Orta Şərq” layihəsinin əsas hədəflərindən biri zəif, daxili çəkişmələrə sürüklənmiş, dağlarda döyüşən, inflyasiyalara yaşayan Türkiyə və hegomon İsrail idi. Türkiyə Suriyaya daxil olanda daxildə çox ciddi narazılıq yaranmışdı”, – deyə o qeyd edib.
O əlavə edib ki, bundan sonra Türkiyə Suriyaya daxil oldu, PKK terror təşkilatını məhv etməyə çalışdı və bu prosesdən uduşla çıxdı.
“Türkiyənin içərisində Qərbin hazırladığı layihələrin həyata keçməsinə hazırkı hakimiyyətlə, millətçi kəsim icazə vermədi. Türkiyə zəif, haldan düşmüş bir vəziyyətdə olmalı idi. Ancaq Türkiyə o mərhələni keçdi. Türkiyəni silah məsələsində də asılı vəziyyətə salmaq istəyirdilər. Ancaq müdafiə sənayesinin inkişafı bu yöndəki planları da pozmuş oldu. Türkiyədə tarazlığı pozacaq, ciddi qütbləşmə yaradacaq qüvvə yoxdur”, – deyə o bildirib.
Z.Məmmədli vurğulayıb ki, indi Türkiyənin təsir dairəsi kifayət qədər genişlənib.
“Yeni dizayn olunan dünyada Türk dünyasının böyük payı olacaq, başda Türkiyə olmaq şərti ilə”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd